Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-164/2023 31.07.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 390,37 manat əsas borc və 30,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 420,77 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə 18 ay müddətinə qaytarılmaq şərti 2300 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı tərəflər arasında 03 aprel 2021-ci il tarixli, 441-EMB-0182-21 saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borcu 390,37 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli, 1496/22 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin, cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 03 iyul 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 03 aprel 2021-ci il tarixli, 441-EMB-0182-21 saylı krеdit müqaviləsinə əsasən iddiaçı cavabdehə 18 ay müddətinə 2300 manat kredit vermişdir. Müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh iddiaçıya 18 ay müddətinə hər ay 128 manat, sonuncu ay 124 manat ödəniş etməli idi. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka 390,37 manat əsas borcu vardır. İddiaçı tərəfindən cavabdehə 26 aprel 2022-ci il tarixli borcun ödənilməsi ilə bağlı sonuncu xəbərdarlıq məktubu göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında kredit (borc) müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas borcunun tutulması tələbi haqlı olmuşdur. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 30 may 2023-cü il tarixinə iddiaçıya 390,37 manat əsas borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-27,40 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 390,37 (üç yüz doxsan manat otuz yeddi qəpik) manat məbləğində əsas borc və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-164/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-164/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver