Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-228/2025 14.10.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2009,75 manat əsas borc, 112,26 manat faiz borcu olmaqla, cəmi 2122,01 manat borcun və ödənilmiş 42 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh arasında 24 dekabr 2021-ci il tarixdə, 000174 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. Restrukturizasiya müqaviləsinə əsasən illik 1,0 faizlə, 60 ay müddətinə 2009,75 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borclu 2009,75 manat əsas borcun və ona hesablanmış faizlərin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Cavabdehə kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə, kredit borcu barədə məlumat verilməklə onun tez bir zamanda ödənilməsinin tələb olunmasına baxmayaraq, qeyd olunan öhdəlik bu günədək icra edilməmişdir. Belə ki, Cavabdeh restrukturizasiya müqaviləsinə əsasən hazırda 2009,75 manat əsas, 112,26 manat faiz borcu olmaqla, cəmi 2122,01 manat məbləğində kredit borcu vardır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində göstərilən tarixdə İddiaçı QSC ilə heç bir restrukturizasiya müqaviləsi bağlamadığını və üzərinə hər hansı bir öhdəlik götürmədiyini, bu səbəbdən də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(068)-228/2025 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmış və iş üzrə məhkəmə hazırlıq iclası 14 oktyabr 2025-ci il tarixinə, saat 12:00-a təyin edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işin məhkəmə baxışına çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xızı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, e-2(068)-87/2025 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı cavabdehlər X1, X2 və Cavabdeh qarşı cavabdehlərdən iddiaçının xeyrinə 2009,75 manat əsas borc, 92,05 manat faiz borcu olmaqla, cəmi 2101,8 manat məbləğində borcun və ödənilmiş 42 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 14 fevral 2014-cü il tarixli, 0105 saylı birgə borclularla kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən heyvandarlıq məqsədilə cavabdehlərin hər birinə 1500 manat olmaqla, illik 27 faizlə 24 ay müddətinə, cəmi 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu Müqavilədə göstərilən göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehlərin kredit müqaviləsi üzrə 10 fevral 2025-ci il tarixinə iddiaçıya 2009,75 manat əsas borc, 92,05 manat faiz borcu olmaqla, cəmi 2101,8 manat borcu yaranmışdır. Bank ilə cavabdehlər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Hazırda isə iddiaçı iddia tələbində Cavabdeh aralarında 24 dekabr 2021-ci il tarixdə, 000174 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlandığını, həmin müqaviləyə əsasən illik 1,0 faizlə, 60 ay müddətinə 2009,75 manat məbləğində kredit borcunun restrukturizasiya edilməsini qeyd etmişdir. Halbuki Xızı Rayon Məhkəməsinin icraatında olmuş e-2(068)-87/2025 nömrəli mülki işin məhkəmə araşdırması zamanı iddiaçı borcun yaranmasının sübutu kimi tərəflər arasında bağlanmış 14 fevral 2014-cü il tarixli, 0105 saylı kredit müqaviləsini təqdim etmiş, 24 dekabr 2021-ci il tarixli, 000174 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”nin mövcudluğu barədə məhkəməni məlumatlandırmamış və iddia tələbini əsaslandırdığı dəlillər kimi təqdim etməmişdir. Eyni zamanda, həmin restrukturizasiya müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, tərəflər borclunun "xxxx" QSC-nin Bakı filialı ilə bağlanmış “24” dekabr 2021-ci il tarixli, 000174 M saylı kredit müqaviləsinə (müqavilələrinə) əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan 2009,75 manat vaxtı keçmiş əsas, 2909.81 manat faiz, cəmi 4979.50 manat kredit borcunun qalığını təsdiq edirlər. Lakin həmin borc eyni tarixli müqaviləyə əsasən yarana bilməzdi. Çünki eyni borc məbləği - 2009,75 manat, 14 fevral 2014-cü il tarixli, 0105 saylı birgə borclularla kredit müqaviləsi üzrə yaranmış borcdur. Həmçinin, restrukturizasiya müqaviləsinin 2.2-ci bəndində göstərilmişdir ki, kreditor borclunun bu Müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 2009,75 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu Müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılmasını, həmçinin sözügedən kredit üzrə Borcluya hesablanmış faizlər üzrə ödənilməmiş 2969,81 manat faiz borcunun silinməsini təmin edir, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 2009,75 manat əsas borcunu və bundan sonra ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Lakin iddiaçı e-2(068)-87/2025 nömrəli mülki işdə cavabdehlərin kredit müqaviləsi üzrə 10 fevral 2025-ci il tarixinə iddiaçıya 2009,75 manat əsas borc, 92,05 manat faiz borcunun yarandığını qeyd etmişdir. Bununla yanaşı, 24 dekabr 2021-ci il tarixdə, 000174 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”nə əlavə olunmuş ödəniş cədvəlində kreditin ödəniş gününün 2021-ci ilin mart ayından, yəni müqavilə bağlanmamışdan 9 ay əvvəldən təyin etmiş, maliyyə arayışında isə müqavilənin tarixi xx.xx.2022-ci il, müddəti 36 ay göstərilmişdir. Müəyyən edildiyi kimi iddiaçının son olaraq məqsədi müqavilə əsasında tələb edilən borcun ödənilməsindən ibarətdir. İddiaçının əvvəlki mülki işdə iddia müddətinin keçməsi səbəbindən bu məqsədinə nail ola bilməməsi, onun yenidən müsbət nəticəyə malik olmaq üçün yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini istisna edir. Odur ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün təkrarən eyni məsələyə qiymət verilməsi yolverilməzdir. Məhkəmə onu da qeyd edir ki, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə işlə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğu halda, mahiyyət və məzmun etibarilə eyni predmet və eyni əsaslar üzrə fərqli formada eyni şəxslərə qarşı iddia qaldırılması istisna edilir. Əks halda bu, eyni tələblə bağlı müxtəlif variasiyalarda sonsuz sayda iddiaların qaldırılmasına imkan yaradar ki, bu da hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin əhəmiyyətini heçə endirərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3-cü və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 24 dekabr 2021-ci il tarixdə, 000174 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi”ni yeni açılmış hallar kimi təqdim etmiş olsa belə, Xızı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli, e-2(068)-87/2025 nömrəli qətnaməsi mövcud olduğundan, iddiaçı tərəfindən işə yenidən baxmaq üçün əsas olmuş MPM-nin 432-ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə ərizə verilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 432.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. 432.2-ci maddəsinə əsasən yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: 432.2.1-ci maddəsinə əsasən məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə; 432.2.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; 432.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; 432.2.4-cü maddəsinə əsasən həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməli və iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar ödənilmiş 42 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 170.1, 261.0.2, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödədiyi 42 (qırx iki) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(068)-228/2025
Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-228/2025
14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver