Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-264/2024 07.10.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 7671,22 manat əsas borc, 584,18 manat faiz borcu olmaqla, cəmi 8255,40 manat məbləğində borcun və ödənilmiş 102,55 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK6918453B125 saylı kredit müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7671,22 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə iddiaçıya həmin kredit müqaviləsinə əsasən 7671,22 manat əsas, 584,18 manat faiz borcu olmaqla, cəmi 8255,40 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK6918453B125 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 72 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7671,22 manat məbləğində kredit verilmişdir. Həmin məbləğdə kreditin cavabdehə verilməsini işdə olan kassa məxaric orderi də təsdiq edir. İşdə olan ödəniş qrafikindən görünür ki, cavabdeh həmin kredit müqaviləsi üzrə 72 ay müddətində hər ay 183,75 manat, sonuncu ay isə 189,61 manat ödəniş etməli idi. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin kredit müqaviləsinə əsasən 7671,22 manat əsas, 584,18 manat faiz borcu olmaqla, cəmi 8255,40 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 102,55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda iddiaçı kreditin hesablanmış faizi ilə və digər borclarla birlikdə qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə iddiaçıya 7671,22 manat əsas, 584,18 manat faiz borcu olmaqla, cəmi 8255,40 manat məbləğində borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 102,55 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7671,22 manat əsas, 584,18 manat faiz borcu olmaqla, cəmi 8255,40 (səkkiz min iki yüz əlli beş manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş 102,55 (yüz iki manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-264/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-264/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver