Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-287/2025 28.11.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "FİNCA Azərbaycan" MM QBKT-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "FİNCA Azərbaycan" MM QBKT-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə **********0111 saylı kredit müqaviləsi üzrə 975 manat əsas borcun, **********0101 saylı kredit müqaviləsi üzrə 2906,20 manat əsas borcun və ödənilmiş 58,82 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0111 saylı güzəştli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3483.07 manat və həmçinin eyni tarixli, **********0101 saylı olaraq güzəştli kredit (Restrukturizasiya) müqaviləsi ilə bu müqavilə imzalanan tarixə 6147.73 manat qalıq məbləği illik 1 faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0111 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3 manat, dörd il müddətində isə hər ay 74.08 manat olmaqla və **********0101 saylı kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 5.29 manat, dörd il müddətində isə hər ay 130.74 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehlərə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 08 noyabr 2019-cu il tarixli, **********0111 nömrəli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətinə 3483,07 manat məbləğində güzəştli kredit vermişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 08 noyabr 2019-cu il tarixli, **********0101 nömrəli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 60 ay müddətinə 6147,73 manat məbləğində güzəştli kredit vermişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən cavabdeh 08 noyabr 2019-cu il tarixli, **********0111 nömrəli kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 3 manat, dörd il müddətində isə hər ay 74,08 manat manat ödəniş etməli idi. İş materiallarında olan ödəniş qrafikinə əsasən cavabdeh 08 noyabr 2019-cu il tarixli, **********0101 nömrəli kredit müqaviləsi üzrə bir il güzəşt müddətində hər ay 5.29 manat, dörd il müddətində isə hər ay 130,74 manat manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən cavabdeh 06 oktyabr 2025-ci il tarixinə **********0111 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 975 manat əsas, **********0101 nömrəli kredit müqaviləsi üzrə 2906,20 manat əsas borcu vardır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiaçı cavabdehə ən qısa müddət ərzində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 58,82 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 08 noyabr 2019-cu il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi iddiaçı "FİNCA Azərbaycan" MM QBKT ilə Cavabdeh arasında kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0111 nömrəli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3483,07 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3483,07 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0101 nömrəli kredit (Restrukturizasiya) müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 6147,73 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 6147,73 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinin 1.4-cü bəndinə əsasən,kreditin müddəti illik faiz dərəcəsi 1 faiz olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müəyyən olunur və güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, kredit alan müqaviləni imzalamaqla kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqaviləni imzalanan tarixə bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, kredit verən bu müqaviləni imzalamaqla kredit alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və borc alanın bu müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçıya **********0111 saylı kredit müqaviləsi üzrə 975 manat və **********0101 saylı kredit müqaviləsi üzrə 2906,20 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit (Restrukturizasiya) müqaviləsinin 2.1.4-cü bəndinə əsasən kredit alan tərəfindən müqavilə şərtlərinə əməl edilmədikdə və ya kredit alanın əmlak vəziyyəti pisləşməsinə əsas verən hallar mövcud olduqda kreditin dərhal qaytarılmasını tələb etmək və bu müqavilə ilə nəzərdə tutulan cərimə sanksiyalarını tətbiq etmək hüququna malikdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə yaranmış borcun ondan tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, **********0111 saylı kredit müqaviləsi üzrə 975 manat və **********0101 saylı kredit müqaviləsi üzrə 2906,20 manat məbləğində borc və ödənilmiş 58,82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh **********0111 saylı kredit müqaviləsi üzrə 975 manat əsas borc və **********0101 saylı kredit müqaviləsi üzrə 2906,20 manat əsas borc olmaqla, cəmi 3881,20 (üç min səkkiz yüz səksən bir manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 58,82 (əlli səkkiz manat səksən iki qəpiki) manat dövlət rüsumu tutularaq iddiaçı "FİNCA Azərbaycan" MM QBKT-yə ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-287/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-287/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver