Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-306/2024 29.10.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2992,47 manat əsas borcun və ödənilmiş 50,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 180nkNAR/23 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən iddiaçı xx.xx.2028-ci il tarixinədək, illik 18% ödəmək şərtilə 3043 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür (ödəniş cədvəli tərtib olunub). Tərəflər arasında bağlanmış həmin müqaviləyə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 26 sentyabr 2024-cü il tarixinə iddiaçıya cəmi 2992,47 manat əsas borcu yaranmışdır. Bank ilə cavabdeh arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2028-ci il tarixinədək, illik 18% ödəmək şərtilə 3043 manat kredit ayırmış və onun cari hesabına köçürülmüşdür. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 26 sentyabr 2024-cü il tarixinə iddiaçıya 2992,47 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 50,33 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 28 aprel 2023-cü il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.7.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda bank müqaviləyə vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 26 sentyabr 2024-cü il tarixinə iddiaçıya 2992,47 manat əsas borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50,33 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2992,47 (iki min doqquz yüz doxsan iki manat qırx yeddi qəpik) manat məbləğində pul və ödənilmiş 50,33 (əlli manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-306/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-306/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver