Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-32/2023 07.02.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6237,83 manat əsas borc, 1139,78 manat faiz borcu olmaqla, cəmi 7377,61 manat məbləğində borcun və ödənilmiş 93,78 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6237,83 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə iddiaçıya həmin kredit müqaviləsinə əsasən 6237,83 manat əsas borc, 1139,78 manat faiz borcu olmaqla, cəmi 7377,61 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1993-cü il tarixdə Xızı rayonu, Xızı qəsəbəsində anadan olmuş, hazırda da ünvanda qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 6237,83 manat məbləğində kredit verilmişdir. Həmin məbləğdə kreditin cavabdehə verilməsini işdə olan kassa məxaric orderi də təsdiq edir. İşdə olan ödəniş qrafikindən görünür ki, cavabdeh həmin kredit müqaviləsi üzrə 60 ay müddətində hər ay 165,26 manat, sonuncu ay isə 171,34 manat ödəniş etməli idi. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin kredit müqaviləsinə əsasən 6237,83 manat əsas borc, 1139,78 manat faiz borcu olmaqla, cəmi 7377,61 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 93,78 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən (məhkəmədə tərtib edilmiş) görünür ki, cavabdeh borcu olduğunu etiraf etmiş və borcunu ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin 3.1.4.1-ci bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcunu vaxtında ödənilməsi müddətləri pozulduqda iddiaçı kreditin hesablanmış faizi ilə və digər borclarla birlikdə qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 6237,83 manat əsas borc, 1139,78 manat faiz borcu olmaqla, cəmi 7377,61 manat məbləğində borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 93,78 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6237,83 manat əsas borc, 1139,78 manat faiz borcu olmaqla, cəmi 7377 (yeddi min üç yüz yetmiş yeddi) manat 61 (altmış bir) qəpik məbləğində borc və ödənilmiş 93 (doxsan üç) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-32/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-32/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver