Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-34/2024 01.02.2024 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1343,47 manat əsas borc, 35,70 manat faiz borcu olmaqla, cəmi 1379,17 manat borcun və ödənilmiş 33,80 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 12 fevral 2014-cü il tarixli, 0101 saylı birgə borclularla kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən heyvandarlıq məqsədilə cavabdehlərə illik 27 faizlə 24 ay müddətinə, cəmi 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən birgə borclular qrupunun hər biri borcu qəbul etməyi, bu Müqavilədə göstərilən göstərilən şərtlər daxilində borcu və hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehlərin kredit müqaviləsi üzrə 04 dekabr 2023-cü il tarixinə iddiaçıya 1343,47 manat əsas borc, 35,70 manat faiz borcu olmaqla, cəmi 1379,17 manat borcu yaranmışdır. Bank ilə cavabdehlər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehlərə bildiriş göndərilmiş, iddiaya dair yazılı etirazlarını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə ərizə göndərərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 12 fevral 2014-cü il tarixli, 0101 saylı birgə borclularla kredit müqaviləsinə əsasən cavabdehlərə illik 27 faizlə 24 ay müddətinə, cəmi 3500 manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehlərin 04 dekabr 2023-cü il tarixinə iddiaçıya 1343,47 manat əsas borc, 35,70 manat faiz borcu olmaqla, cəmi 1379,17 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 33,80 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 06 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehlərə 10 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). İşdən göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 12 fevral 2024-cü il tarixli birgə borclularla kredit müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından kredit götürmüş, lakin müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirməmiş, bu səbəbdən banka əsas və faiz borcları qalmışdır. Buna görə iddiaçı əsas və faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Eyni zamanda cavabdehlər məhkəməyə ərizə göndərərək, mübahisəyə iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Məhkəmə sadalanmış normaların məzmununa əsasən qeyd edir ki, mülki qanunvericilik müəyyən edilmiş müddət ərzində başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququnu müdafiə edir ki, müqavilə münasibətlərində bu müddət 3 (üç) il təşkil edir. Müddətin axımı icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddət bitdikdə başlanır və həmin andan şəxs öz hüququnun pozulduğunu bilməlidir. İddia müddətinin tətbiqinin mümkünlüyü mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında aparılmalıdır. Lakin iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Bununla bağlı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kredit müqaviləsi 12 fevral 2014-cü il tarixində 24 ay müddətində bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddət 12 fevral 2016-cı il tarixində bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edildiyindən iddiaçı cavabdehlərdən borcu 12 fevral 2019-cu ilə qədər tələb edə bilərdi. Lakin iddiaçı məhkəməyə 25 dekabr 2023-cü ildə müraciət etmişdir. Cavabdehlər bu səbəbdən mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olsa da, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin ərizəsinə əsasən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli və iddia müddətinin keçməsi səbəbindən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən iddiaçının xeyrinə 1343,47 manat əsas borc, 35,70 manat faiz borcu olmaqla, cəmi 1379,17 manat məbləğində borcun və ödənilmiş 33,80 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-34/2024
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-34/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver