Məhkəmə qərarları › İş №e-2(068)-35/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-35/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-35/2022 23.02.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 508 manat əsas borc, 76,20 manat cərimə, 19.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 1039,30 manat əsas borc, 155,80 manat cərimə olmaqla, ümumilkdə 1779,30 manat borcun və 37,79 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və ödəniş cədvəlinə əsasən, cavabdeh aldığı “Apple” markalı qulağcığa görə 12 ay müddətində hər ay 57 manat, sonuncu ay isə 55 manat olmaqla, cəmi 682 manat, 19.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və ödəniş cədvəlinə əsasən, sonuncu aldığı “Apple” markalı elektron saata görə 18 ay müddətində hər ay 62 manat, sonuncu ay isə 47,30 manat olmaqla, cəmi 1101,3 manat, ümumilikdə hər iki müqavilə üzrə cəmi 1783,30 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtini pozaraq, 28.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi sonuncu dəfə 11.06.2021-ci il tarixdə 57 manat və 19.04.2021-ci il tarixli müddətli nisyə alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə isə 20.05.2021-ci il tarixində 62 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmiş 1547,30 manat borcu qaytarmamışdır. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, ödənişləri etməkdən boyun qaçırır. Bununla da, hər iki müqavilə üzrə ümumilkdə 1779,30 manat borcu vardır. Eyni zamanda, cavabdehin müqavilələr üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqadarı 2320 manat təşikl etdiyi halda, humanizim prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90 faizi iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10 faizi, yəni 232 manat İddiaçı MMC-yə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 26 yanvar 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1998-ci ildə, Russiya Federasiyasının Tumen şəhərində anadan olmuş, hazırda Xızı rayonu Şurabad qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 28.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə və ödəniş cədvəlinə əsasən, iddiaçı “Apple” markalı qulağcığı 12 ay müddətində hər ay 57 manat, sonuncu ay isə 55 manat olmaqla, cəmi 682 manat ödəmək şərtilə, həmçinin tərəflər arasında bağlanmış 19.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Apple” markalı elektron saatı 18 ay müddətində hər ay 62 manat, sonuncu ay isə 47,3 manat olmaqla, cəmi 1101,30 manat ödəmək şərtilə cavabdehə satmışdır. İş materiallarında olan maliyyə arayışlarına əsasən cavabdehin 24.12.2021-ci il tarixinə 28.02.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 508 manat, cərimə borcu üzrə 76,20 manat, 19.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 1039,30 manat, cərimə borcu üzrə 155,80 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 37,79 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 12 noyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə 3 gün müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında müddətli (nisyə) alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1547,30 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1547,3 manat əsas borc məbləğinə 232 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. İddia təmin edildiyi üçün iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 37,79 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28.02.2021-ci il tarixli və 19.04.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə 1547,30 manat əsas borc, 232 manat cərimə olmaqla, cəmi 1779 (min yeddi yüz yetmiş doqquz) manat 30 (otuz) qəpik məbləğində borc və 37 (otuz yeddi) manat 79 (yetmiş doqquz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar