Məhkəmə qərarları › İş №e-2(068)-38/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-38/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-38/2025 23.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3432,47 manat əsas, 186,47 manat faiz, 20,86 manat cərimə olmaqla, cəmi 3639,80 manat borcun və ödənilmiş 56,39 manat məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 298665 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalana istehlak yönümlü 4000 manat məbləğində, 36 ay müddətində kreditin əsas məbləği və ona 12% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Nəticədə, onun banka kredit müqaviləsi üzrə cəmi 3639,80 manat borcu yaranmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3). İddia ərizəsi xx.xx.2024-cü il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank 36 ay müddətində ödəmək şərtilə 4000 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə iddiaçıya 3432,47 manat əsas, 186,47 manat faiz, 20,86 manat cərimə olmaqla, cəmi 3639,80 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 56,39 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 11 may 2024-cü il tarixli elektron bildirişdən görünür ki, iddiaçı cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh öz riski ilə kredit müqaviləsini bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “Borcalanın” kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyridəqiqliyin aradan qaldırılması üçün yazılı formada Mərkəzləşdirilmiş Kredit Reyestrinə müraciət etmək, “Borcalan”-ın əmlak, maliyyə vəziyyəti və bank hesabları barədə məlumatları ondan tələb və əldə etmək, “Voqsalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ordan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan gecikdirilmə faizlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi vəvvə ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi/çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüququna malikdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.3-cü bəndinə “Vorcalan” kreditin əsas məbləğinin vəl və ya ona hesablanmış faizlərin tam məbləğinin, yaxud hər hansı bir hissəsinin bu müqavilə ilə müəyyən edilmiş qaydada ödənilməsi üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Vorcalan” bu müqavilənin 6-ci maddəsi ilə müəyyən edilmiş vəzifələrinin hər hansı birini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditin əsas məbləğinin və ondan faktiki istifadə edildiyi müddət üçün hesablanmış faizlərin vaxtından əvvəl qaytarılmasını tələb edə, tələbi yerinə yetirilmədikdə isə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri, o cümlədən məhkəməyə müraciət edə bilər. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən “Borcalan” bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliklərini (və ya onun bir hissəsini) içra etmədiyi və yaxud lazımınca icra etmədiyi təqdirdə, Borcverənə, “Borcalanın” istənilən hesabından(larından), kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, hesablanan gecikdirilmə faizlərini, həmçinin bu müqavilə üzrə çəkdiyi və/və ya çəkməli olduğu xərcləri (siğorta, hüquqi xidmət və s. bağlı xərclər daxil) yaranmış borcu əvəzinə (hesabına) mübahisəsiz qaydada silmək (bağlamaq) və ya “Borcalan”a qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesabdakı (hesablardakı) məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malikdir. Mülki Məcəllənin 421-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka xx.xx.2023-ci il tarixli müqavilə üzrə 3432,47 manat əsas, 186,47 manat faiz, 20,86 manat cərimə olmaqla, cəmi 3639,80 manat məbləğində borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 56,39 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "Yapıkredi Bank Azərbaycan” QSC-nin xeyrinə 3432,47 manat əsas, 186,47 manat faiz, 20,86 manat cərimə olmaqla, cəmi 3639,80 (üç min altı yüz otuz doqquz manat səksən qəpik) manat borc və ödənilmiş 56,39 (əlli altı manat otuz doqquz qəpik) manat dövlət rüsumu tutularaq, ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar