Məhkəmə qərarları › İş №e-2(068)-4/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-4/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-4/2023 07.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cəmi 8989,96 manat borcun bundan 2769,23 manat əsas borc, 2407,16 manat faiz borcu, 3414,57 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399 manat faiz borcunun və iş üzrə ödənilmiş 109,90 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 28 faiz olmaqla 6000 manat məbləğində kredit verilmişdir. Bundan sonra, kredit müqaviləsi üzrə 31 may 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 3162,01 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 31 may 2019-cu il tarixədək müəyyən olunmuş və cavabdeh tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 faiz ödəməli idi. Lakin, cavabdeh qeyd edilən müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı - vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. 15 aprel 2022-ci il tarixə cavabdehin həmin müqavilə üzrə banka olan ümumi borcu 8989,96 manat təşkil edir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh 24 ay müddətinə, illik 28 faiz olmaqla 6000 manat məbləğində kredit vermişdir. Həmin məbləğdə kreditin cavabdehə verilməsini işdə olan kassa məxaric orderi də təsdiq edir. İşdə olan kredit müqaviləsi üzrə 31 may 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı hesablanmış faizlər kapitallaşdırılaraq 3162,01 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 31 may 2019-cu il tarixədək müəyyən olunmuş və cavabdeh tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 20 faiz ödəməli idi. İşdə olan ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh həmin kredit müqaviləsinə əsasən 15 aprel 2022-ci il tarixinə İddiaçı ASC-yə 2769,23 manat əsas, 2407,16 manat faiz, 3414,57 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 399 manat borc, ümumilikdə 8989,96 manat məbləğində borcu yaranmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 9/6656 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları nəzərə alınmaqla, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə Cavabdeh İddiaçı ASC-yə əsas borcu 2338,82 manat, faiz borcu 780,40 manat, müqavilə müddəti bitdikdən sonra isə faiz borcu 925,70 manat müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşdə olan xəbərdarlıqlardan görünür ki, yaranmış borcla əlaqədar iddiaçı tərəfindən cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. İşdə olan 27 may 2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 109,90 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2023-cü il tarixli, 9/6656 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka əsas, faiz və cərimə borcu qalmışdır. İş materiallarından, o cümlədən ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə Cavabdeh İddiaçı ASC-yə əsas borcu 2338,82 manat, faiz borcu 780,40 manat, müqavilə müddəti bitdikdən sonra isə faiz borcu 925,70 manat təşkil etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 40 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 2338,82 manat əsas borc məbləğinə 3414,57 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi edilməsi zamanı, əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 340 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2338,82 manat əsas borc, 780,40 manat faiz borcu, 340 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra hesablanmış 399 faiz borcu olmaqla, cəmi 3858,22 manat məbləğində pul, eləcə də ödənilmiş 109,90 manat dövlət rüsumu tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2338,82 manat əsas borc, 780,40 manat faiz borcu, 340 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra hesablanmış 399 faiz borcu olmaqla, cəmi 3858,22 (üç min səkkiz yüz əlli səkkiz manat iyirmi iki qəpik) manat və ödənilmiş 109,90 (yüz doqquz manat doxsan qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar