Məhkəmə qərarları › İş №e-2(068)-48/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-48/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-48/2022 16.03.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: “FİNCA Azerbaijan" MM QBKT (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərərək qaydada, əsas borc üzrə 1074,34 manat, faiz borcu üzrə 214 manat, cərimə borcuna görə 2,13 manat olmaqla, cəmi 1290,47 manat məbləğində borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2014-cü il tarixli, **********6763 saylı kredit müqaviləsinə əsasən, cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün iddiaçı tərəfindən illik 34 faiz dərəcəsi ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 108 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Belə ki, kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra, həmin kredit müqaviləsi 18.03.2016-ci il tarixli sazişlə restrukturizasiya olunmuş, öhdəliyin icra olunmamış əsas borc hissəsi 1122 manat müəyyən edilmiş və borc məbləğinin ödənilməsi 27 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, 14.01.2016-cı il tarixli zamınlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 07.02.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən, cavabdehlərin kreditora əsas borcu 1074,34 manat, faiz borcu 214 manat, cərimə borcu 2,13 manat olmaqla, cəmi 1290,47 manat təşkil edir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 15 fevral 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehlərə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazlarını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 xx.xx.1984-cü ildə Abşeron rayonu, Giləzi kəndində anadan olmuş, hazırda Xızı rayonu, Giləzi qəsəbəsi ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.12.2014-cü il tarixli, **********6763 saylı kredit müqaviləsinə əsasən, cavabdehə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün iddiaçı tərəfindən illik 34 faiz dərəcəsi ilə 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 108 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Bundan sonra, həmin kredit müqaviləsi 18.03.2016-ci il tarixli sazişlə restrukturizasiya olunmuş, öhdəliyin icra olunmamış əsas borc hissəsi 1122 manat müəyyən edilmiş və borc məbləğinin ödənilməsi 27 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, 14.01.2016-cı il tarixli zamınlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Sonuncu sazişə dair zamin Cavabdeh2 iddiaçı ilə müqavilə bağlayaraq kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faizi, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışına əsasən cavabdehlərin 07.02.2022-ci il tarixinə 1074,34 manat əsas borcu, 214,00 manat faiz borcu və 2,13 manat cərimə borcu olmaqla, cəmi 1290,47 manat borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 33 manat dövlət rüsumu ödəmişdir. Tərəflər arasında bağlanmış 29.12.2014-cü il tarixli kredit müqaviləsinin 6.2 bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilmsindən sonra kredit alan 10 iş günü ərzində krediti və yaxud ona aid digər ödənişləri ödəmədikdə kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin kredit alana təqdim edilməməsi kredit verənin dərhal və birbaşa müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, daha sonra həmin kredit müqaviləsi 18.03.2016-ci il tarixli sazişlə restrukturizasiya olunmuş, öhdəliyin icra olunmamış əsas borc hissəsi 1122 manat müəyyən edilmiş və borc məbləğinin ödənilməsi 27 ay müddətində ödənilməsi nəzərdə tutulmuşdur. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə və sazişə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və müqavilə üzrə borcunu ödəməmişdir. Məhkəmə bu səbəbdən iddianın əsas, faiz və cərimə borcuna aid hissədə təmin edilməsi qənaətinə gəlir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1 bəndinə əsasən kredit alan kredit ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə kredit alan kredit verənin xeyrinə gecikdirlmiş əsas məbləğin 1 faizi məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1074,34 manat əsas borc məbləğinə 2,13 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən göründüyü kimi müqavilənin icra müddəti 18.06.2018-ci il tarixində bitmişdir. Lakin, iddia ərizəsi 1 illik müddəti ötürməklə 15 fevral 2022-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddia tələbi zaminə aid hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33 manat dövlət rüsumunun yarısı - 16,50 manatı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Əsas borc üzrə 1074,34 manat, faiz borcu üzrə 214 manat, cərimə borcuna görə 2,13 manat olmaqla, cəmi 1290 (min iki yüz doxsan) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul və ödənilmiş 33 manat dövlət rüsumunun 16 (on altı) manat 50 (əlli) qəpik Cavabdeh1 tutularaq iddiaçı "FİNCA Azerbaijan" MM QBKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar