Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-48/2023 17.04.2023 XIZI RAYON MƏHKƏMƏSİ X2 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Hafis oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 55250 manat məbləğində pulun və 260 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış və 06 sentyabr 2022-ci il tarixdə notarial qaydada təsdiqlənmiş kredit müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə cəmi 55250 manat borc pul verilmişdir. Həmin müqavilələrə əsasən cavabdeh borcun yarısını, yəni 27625 manatını 21 oktyabr 2022-ci il tarixədək, qalan yarısını isə 05 yanvar 2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin müqavilədə göstərilən müddətlərin keçməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamış və öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Hafis oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, kredit müqaviləsi notarial qaydada bağlanmış və bu barədə sübutlar məhkəməyə təqdim olunmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, təxminən 2020-ci ilin qış aylarında iddiaçıdan müxtəlif məbləğlərdə borc pul götürmüş və qazancından iddiaçıya ödənişlər etmişdir. Lakin sonradan işi alınmadığından ödənişləri dayandırmışdır. 06 sentyabr 2022-ci il tarixdə isə iddiaçı ilə notariusa gedərək 55250 manat borc pul alması barədə müqavilələr bağlamışlar və həmin pulu 3-4 ay ərzində tam ödəyərək bağlamalı idi. Həmin müddət ərzində 1000 manat və 400 manat olmaqla, cəmi 1400 manat borcundan qaytarmış, imkanı olmadığından qalan borcunu qaytara bilməmişdir. Qaytardığı 1400 manatı isə hər hansı bir sənədləşmə olmadan, iddiaçının özünə vermişdir. Hazırda o, fəhlə işləyir və 400-500 manat qazancı olur. Buna görə də həmin borcunu bütövlükdə deyil, aylıq hissə-hissə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında 06 sentyabr 2022-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş kredit müqavilələrindən görünür ki, İddiaçı Cavabdeh cəmi 55250 manat məbləğində borc pul verilmişdir. Həmin müqavilələrə əsasən cavabdeh borcun yarısını, yəni 27625 manatını 21 oktyabr 2022-ci il tarixədək, qalan yarısını isə 05 yanvar 2023-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan 18 yanvar 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 260 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 06 sentyabr 2022-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı borcun yarısını, yəni 27625 manatını 21 oktyabr 2022-ci il tarixədək, qalan yarısını isə 05 yanvar 2023-cü il tarixədək qaytarmaq şərti ilə 55250 manat məbləğində borc pul almış, həmin borc pulu hazıradək qaytarmamış və cavabdeh iddiaçı qarşısında öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla da, Cavabdeh İddiaçı ilə bağladığı kredit müqavilələrinin şərtlərinə əməl etməyərək onu əhəmiyyətli dərəcədə pozmuş, sonuncuya maddi ziyan vurmuş, kredit müqaviləsinin, eləcə də mülki qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh borcu qaytarmadığı üçün İddiaçı hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehlərin üzərinə düşür. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının dəlillərini təkzib edən və borcundan 1400 manat hissəsini qaytarmasını təsdiq edən hər hansı bir əsaslı sübut təqdim etməmiş, bunun əksi olaraq sübutların tədqiqatı zamanı iddiaçının nümayəndəsi və vəkili cavabdehin iddia tələbində qeyd etdiyi kimi 55250 manat borclu olmasını sübut edə bilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən, həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh yazılı formada bağlanmış və notarial qaydada təsdiqlənmiş kredit müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 106.1 və 106.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 55250 manat məbləğində borc və ödənilmiş 260 manat məbləğində dövlət rüsumu tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1, 234, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 55250 (əlli beş min iki yüz əlli) manat məbləğində borc və ödənilmiş 260 (iki yüz altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-48/2023
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-48/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver