Məhkəmə qərarları › İş №e-2(068)-59/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-59/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-59/2025 01.04.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 7663,21 manat əsas, 98,79 manat faiz borcu olmaqla, cəmi 7762 manat məbləğində borcun və ödənilmiş 97,62 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR7254929B124 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına 48 ay müddətinə, illik 21.2 faiz dərəcəsi ilə 7990 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödənilməsi haqqında məlumat ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə iddiaçıya həmin müqavilə üzrə cəmi 7762 manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR7254929B124 saylı kredit müqaviləsinə əsasən cavabdehin kartına 48 ay müddətinə, illik 21.2 faiz dərəcəsi ilə 7990 manat məbləğində kredit verilmiş və həmin məbləğdə kredit cavabdehə məxsus hesaba köçürülmüşdür. İşdə olan ödəniş qrafikindən görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 48 ay müddətində hər ay 248,28 manat, sonuncu ay isə 252,53 manat ödəniş etməli idi. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə 7663,21 manat əsas, 98,79 manat faiz borcu olmaqla, cəmi 7762 manat məbləğində borcu vardır. İşdə olan bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 97,62 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edilir ki, cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Tərəflər arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda iddiaçı kreditin hesablanmış faizi və digər borclarla birlikdə qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə iddiaçıya 7663,21 manat əsas borc, 98,79 manat faiz borcu olmaqla, cəmi 7762 manat məbləğində borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 97,62 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7663,21 manat əsas borc, 98,79 manat faiz borcu olmaqla, cəmi 7762 (yeddi min yeddi yüz altmış iki) manat məbləğində borc və ödənilmiş 97,62 (doxsan yeddi manat altmış iki qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar