Məhkəmə qərarları › İş №e-2(068)-69/2022

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-69/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-69/2022 06.07.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbi həcminin azaldılması barədə ərizə ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 02 dekabr 2019-cu il tarixli, İK № 1295/ İK -19 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 643,30 manat əsas borc, 443,19 manat cərimə olmaqla, cəmi 1086,49 manat borcun və ödənilmiş 33,92 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli, İK № 1295/ İK -19 saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə illik 22% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 11 aprel 2022-ci il tarixinə iddiaçıya 643,30 manat əsas borc, 443,19 manat cərimə olmaqla, cəmi 1086,49 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan cavabdehin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1965-ci ildə Abşeron rayonu, Xızı qəsəbəsində anadan olmuş, hazırda Xızı rayonu, Xızı qəsəbəsində qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 dekabr 2019-cu il tarixli, İK № 1295/ İK -19 saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 22% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. 11 aprel 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə iddiaçıya olan borcu 643,30 manat əsas və 443,19 manat cərimə borcu olmaqla, cəmi 1086,49 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 33,92 manat dövlət rüsumu ödəmişdir. 22 dekabr 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 2 iş günü müddətində borcun ödənilməsi ilə bağlı sonuncu xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 11 aprel 2022-ci il tarixinə iddiaçıya 643,30 manat əsas və 443,19 manat cərimə borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas borcun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən “borcalan” kredit müqaviləsi üzrə ödəniş qrafikinə uyğun olaraq əsas və faiz borcu üzrə qrafikin tələblərini pozduğu gündən etibarən illik 44 faiz olmaqla cərimə faizi ödəyir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 643,30 manat əsas borc məbləğinə 443,19 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. İddia qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33,92 manat dövlət rüsumunun 17 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 02 dekabr 2019-cu il tarixli, İK № 1295/ İK -19 saylı kredit müqaviləsinə əsasən 643,30 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 743 (yeddi yüz qırx üç) manat 30 (otuz) qəpik məbləğində pul və ödənilmiş 17 (on yeddi) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar