Azərbaycan Respublikası adından QƏRARDAD Xızı rayonu İş № e-2(068)-69/2023 14.03.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3781,80 manat əsas borc, 825 manat faiz borcu olmaqla, cəmi 4606,80 manat kredit borcunun və ödənilmiş 66,07 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş icraata qəbul edilərək, həmin mülki iş üzrə məhkəmə hazırlıq iclası 14 mart 2023-cü il tarixinə təyin olunmuşdur. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq hazırkı mülki işin hazırlıq iclasını onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, mülki iş məhkəmə aidiyyəti üzrə Xızı Rayon Məhkəməsinə aid deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, o cümlədən Vergi İdarəsinin internet səhifəsindən çıxarılmış vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan, eləcə də elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışdan göründüyü kimi mülki iş aidiyyəti üzrə ümumi məhkəməyə, yəni Xızı Rayon Məhkəməsinə aid deyildir. Çünki, Cavabdeh1 (VÖEN **********, hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəri) xx.xx.2020-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq (kommersiya) fəaliyyəti ilə məşğuldur və mübahisə onların sahibkarlıq (kommersiya) fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmış borcun mübahisələndirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bütün bunlar isə hazırkı mübahisənin aşkar şəkildə kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğunu göstərir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında yaranmış mübahisəyə baxılması məqsədi ilə mülki iş aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 39.9, 44.2.2, 45.1, 45.2, 45.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xızı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-69/2023
Xızı Rayon Məhkəməsi Qərardad — İş №e-2(068)-69/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver