Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-85/2025 14.03.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1675,28 manat əsas, 92,50 manat faiz borcu olmaqla, cəmi 1767,78 manat borcun və ödənilmiş 37,68 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh, X2 və X6 arasında 26 dekabr 2013cü il tarixli 084 saylı “Birgə borclularla” kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə cavabdehlər Cavabdeh, X2 və X4 illik 27 % olmaqla, 24 ay müddətinə ümumilikdə 3500 manat məbləğində kredit verilmişdir. Daha sonra borclu Cavabdeh 26 dekabr 2013-cü il tarixli 084 saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 22 yanvar 2021-ci il tarixli 000161M saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən Kreditor Borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş 1675,28 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılmasını, həmçinin sözügedən kredit üzrə Borcluya hesablanmış faizlər üzrə ödənilməmiş, 1197,83 manat faiz borcunun silinməsini təmin edir, Borclu isə müvafiq qaydada təminat təqdim etməklə 1675,28 manat əsas borcunu və bundan sonra ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq Kreditora ödənilməsini öz öhdəsinə götürmüşdür. Lakin borcun ödənilməsi tələbi ilə Cavabdeh göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Bank ilə cavabdeh arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehlərə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehlərin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 22 yanvar 2021-ci il tarixli, 000161M nömrəli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 1675,28 manat məbləğində güzəştli kredit vermişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən cavabdeh ilk 60 ay ərzində hər ay 28,64 manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən cavabdeh 10 fevral 2025-ci il tarixinə iddiaçıya 1675,28 manat əsas, 92,50 manat faiz borcu olmaqla, cəmi 1767,78 manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehlərə 20 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 37,68 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 22 yanvar 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh arasında kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit (Restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş 1675,28 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılmasını, həmçinin sözügedən kredit üzrə borcluya hesablanmış faizlər üzrə ödənilməmiş, 1197,83 manat faiz borcunun silinməsini təmin edir, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 1675,28 manat əsas borcunu və bundan sonra ona hesablanan faizləri bu Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 10 fevral 2025-ci il tarixinə iddiaçıya 1675,28 manat əsas, 92,50 manat faiz borcu olmaqla, cəmi 1767,78 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit (Restrukturizasiya) müqaviləsinin 2.6-cı bəndinə əsasən, bu müqavilə üzrə kredit ödənişləri tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən Borclu tərəfindən icra olunmadıqda, Kreditor Borcluya qabaqcadan xəbərdar etməklə bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə yaranmış borcun ondan tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, 1675,28 manat əsas, 92,50 manat faiz borcu olmaqla, cəmi 1767,78 manat məbləğində pul və ödənilmiş 37,68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1675,28 manat əsas, 92,50 manat faiz borcu olmaqla, cəmi 1767,78 (min yeddi yüz altmış yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 37,68 (otuz yeddi manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-85/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-85/2025
14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver