Məhkəmə qərarları › İş №e-2(068)-99/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-99/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-99/2025 17.04.2025 XIZI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1856,44 manat əsas, 24,30 manat faiz borcu olmaqla, cəmi 1880,74 manat borcun və ödənilmiş 38,81 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh və X4 arasında 03 dekabr 2014-cü il tarixli 023-03 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə cavabdehlər Cavabdeh və X3 illik 27 % olmaqla, 24 ay müddətinə ümumilikdə 2000 manat məbləğində kredit verilmişdir. Daha sonra borclu Cavabdeh 03 dekabr 2014-cü il tarixli 023-03 saylı kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 08 sentyabr 2020-ci il tarixli 034 saylı müqavilə bağlanmışdır. Bu müqaviləni 1.1-ci bəndinə əsasən Kreditor Borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş 1892 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılmasını, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Həmçinin bu müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə üzrə kredit ödənişləri Tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən Borclu tərəfindən icra olunmadıqda, Kreditor Borcluya qabaqcadan xəbərdar etməklə bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Buna baxmayaraq borclu öz öhdəliklərini icra etməkdən yayınmış və borclunun 20 fevral 2025-ci il tarixinə olan borcu 1880,74 manat təşkil edir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh kredit müqaviləsinə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 08 sentyabr 2020-ci il tarixli, 034 nömrəli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 1892 manat məbləğində güzəştli kredit vermişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən cavabdeh ilk 60 ay ərzində hər ay 32,34 manat ödəniş etməli idi. İşdə olan maliyyə arayışına əsasən cavabdeh 20 fevral 2025-ci il tarixinə iddiaçıya 1856.44 manat əsas, 24,30 manat faiz borcu olmaqla, cəmi 1880,74 manat borcu vardır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehlərə 20 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 38,81 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 08 sentyabr 2020-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh oğlu arasında kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit (Restrukturizasiya) müqaviləsinin 1.2-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş 1892 manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılmasını, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. Həmçinin tərəflər arasında bağlanmış kredit (Restrukturizasiya) müqaviləsinin 2.2-ci bəndinə əsasən, bu müqavilə üzrə kredit ödənişləri tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən Borclu tərəfindən icra olunmadıqda, Kreditor Borcluya qabaqcadan xəbərdar etməklə bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun ödənilməsini Borcludan tələb etmək hüququna malikdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 20 fevral 2025-ci il tarixinə iddiaçıya 1856,44 manat əsas, 24,30 manat faiz borcu olmaqla, cəmi 1880,74 manat borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə yaranmış borcun ondan tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, 1856,44 manat əsas, 24,30 manat faiz borcu olmaqla, cəmi 1880,74 manat məbləğində pul və ödənilmiş 38,81 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1856,44 manat əsas, 24,30 manat faiz borcu olmaqla, cəmi 1880,74 (min səkkiz yüz səksən manat yetmiş dörd qəpik) manat məbləğində pul və ödənilmiş 38,81 (otuz səkkiz manat səksən bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar