Məhkəmə qərarları › İş №e-2(069)-10/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-10/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-10/2025 11.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili olan Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 15.000 manat borcunun və 800 manat hüquqi yardım üçün ödədiyi qonorarın alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan iş qurması üçün 30.000 manat borc pul istəmiş, sonradan iş qurmada bacara bilmədiyini anladıqda pulun yarısını yəni 15.000 manatını geri qaytarmış, qalan hissəsini isə qaytarmaqdan yayınmışdır. Bununla bağlı polis şöbəsinə müraciət etsədə, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göründüyü kimi cavabdeh ona olan borclarını vaxtında qaytarmadığından ona ziyan vurmuşdur. Ona görə də, Cavabdeh 15.000 manat borcunun və 800 manat hüquqi yardım üçün ödədiyi qonorarın alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili olan Nümayəndə iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Füzuli Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün İddiaçı göndərilməklə, narazı olduğu halda qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Füzuli rayon prokuroruna, yuxarı prokurora və yaxud rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmiş, İddiaçı, Cavabdeh onun qarşısında üzərinə götürdüyü və yerinə yetirmədiyi mülki öhdəliklə bağlı Füzuli Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Cavabdeh Füzuli Rayon Polis Şöbəsində yazdığı izahatının surətindən görünür ki, təxminən 2024-cü ilin aprel aylarında tanışı İddiaçıla söhbət zamanı sonuncu onunla birlikdə şərik olaraq, heyvan alqı-satqısı etmək və mənfəət götürmək təklifi etmiş, o, razılaşmış və satılacaq xırdabuynuzlu heyvanların alışı üçün 30.000 (otuz min) manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Həmin pulu istəməkdə məqsədi Füzuli rayon mal-qara bazarında xırdabuynuzlu heyvanlar almaq və sataraq Sərdər İsmayılovla birgə mənfəət götürmək olmuşdur. Sərdar lazım olan pul vəsaitinin 10.000 manatını sabahı gün Füzuli rayon Horadiz şəhərində yerləşən çörək sexinin ərazisində tanışı vasitəsi ilə ona vermiş, yerdə qalan 20.000 manatı isə elektron qaydada onun kart hesabına göndərmişdir. O, həmin pul vəsaiti ilə müxtəlif vaxtlarda xırdabuynuzlu heyvanlar almış, onların satışını həyata keçirərkən gözlənilən qazancı əldə edə bilməmiş, alıcıların bir çoxu həmin heyvanları nisiyə olaraq ondan almışdır. İddiaçı məsələnin gedişatı ilə bağlı ona zəng edərək, maraqlandıqda ziyana düşdüyünü, qazanc əldə edə bilmədəyini demiş, o, isə verilən pulu geri qaytarmağını tələb etmişdir. Həmin pul vəsaitinin 15.000 (on beş min) manatını İddiaçı məxsus karta göndərsədə, yerdə qalan 15.000 (on beş min) manatını maddi vəziyyəti çatmadığı üçün qaytara bilməmişdir. Həmin pul vəsaitini tezliklə geri qaytaracaqdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı vəkilə xidmət haqqı olaraq 800 manat pul vəsaitini Nümayəndə hesabına köçürmüşdür. İş materiallarında olan AA seryalı, 373204 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşmüdür. İş materiallarında olan Füzuli RPŞ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seryalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli şəhəri, M.Hacıyev küçəsi ev 90-da qeydiyyatdadır. İş materiallarında olan Füzuli rayon İHB-nın Böyük Bəhmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 15.000 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hüquqi yardım üçün ödənilmiş 800 manat manat xidmət haqqı İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat və hüquqi yardım üçün ödənilmiş 800 manat manat xidmət haqqı İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar