Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-214/2024 28.11.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.984,96 manat əsas, 617,53 manat faiz, 1.919,83 manat məbləğində cərimə borcu və ödənilmiş 65,23 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(069)-214/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 28020***-*******01 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1.984,96 manat məbləğində əsas kredit borcu, 617,53 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 1.919,83 manat məbləğində cərimə olmaqla, cəmi 4.522,32 manat məbləğində borcu qalmaqdadır. Ona görə də, Cavabdeh 1.984,96 manat əsas, 617,53 manat faiz, 1.919,83 manat məbləğində cərimə borcu və ödənilmiş 65,23 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASAN-Bərdə tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı ildə Bərdə şəhərində doğulmuş, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 28020***-*******01 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 7.000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli, 28020***-*******01 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq 24 ay müddətinə, hər ay 370,20 manat olmaqla, sonuncu ay 370,17 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli, 28020***-*******01 saylı kredit müqaviləsi üzrə 1.984,96 manat əsas, 617,53 manat faiz və 1.919,83 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli “asan ödəniş” sistemindən çıxarışdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 65,23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi onun müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması, iş materialları və işin digər halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki qanunverciliklə öhdəliklərin icrasının təminatı üsulu və mülki hüquq məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz və buna yol verilməməlidir. Bu mənada məhkəmə hesab edir ki, 1.919,83 manat məbləğində cərimə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, məhkəmə cərimə pulunun 200 manat saxlanmasını daha məqəsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 1.984,96 manat əsas, 617,53 manat faiz, 200 manat məbləğində cərimə borcu və ödənilmiş 65,23 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.984,96 manat əsas, 617,53 manat faiz, 200 manat məbləğində cərimə borcu və ödənilmiş 65,23 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-214/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-214/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver