Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-215/2024 19.12.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhimdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.388,91 manat əsas, 367,12 manat faiz borcu və ödənilmiş 77,56 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhimdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli, 320219-CNS-50884 №-li kredit xəttinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 19% faiz hesablanması şərti ilə 36 ay müddətinə 5.885 (beş min səkkiz yüz səksən beş) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən, cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən, Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixə 5.388,91 (beş min üç yüz səksən səkkiz manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 367,12 (üç yüz altmış yeddi manat on iki qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 5.756,03 (beş min yeddi yüz əlli altı manat üç qəpik) manat məbləğində borcu qalmışdır. Ona görə də, Cavabdeh 5.388,91 manat əsas, 367,12 manat faiz borcu və ödənilmiş 77,56 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, e-2(069)-215/2024 saylı mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin olunmuşdur. Həmin günə Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyi üçün göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini nəzərə alıb, hazırki işə iştirakları olmadan baxaraq iddia tələblərinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin 1 saylı Əcəmi filialının xx.xx.2023-cü il tarixli, ********* nömrəli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 5.885 manat ödənilmiş və Cavabdeh ödənilmiş 5.885 manat vəsaiti qəbul etmişdir. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1994-cü ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 320219-CNS-50884 №-li nağd pul kreditinin əsas şərtlərinə dair ərizə-razılaşmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olaraq həmin şərtləri qəbul etmiş və Cavabdeh istehlak məqsədilə 36 ay müddətinə, illik 19 % faiz dərəcəsi ilə 5.885 (beş min səkkiz yüz səksən beş) manat vəsait kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətində, hər ay 215,77 manat olmaqla sonuncu ay 216,09 manat ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 320219-CNS-50884 saylı, xx.xx.2023-cü il tarixli “nağd pul kredit müqaviləsi” üzrə xx.xx.2024-cü il tarixinə 5.388,91 manat əsas, 367,12 manat faiz, cəmi 5.756,03 manat borcu vardır. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC tərəfindən ödəniş portalı və ya AsanPay vastəsilə ödənilmiş ********** nömrəli qəbzə əsasən, Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 77,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.1-ci maddəsinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 418.1-ci maddəsinə əsasən, müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia təmin edilməli, Cavabdeh 12 dekabr 2023-cü il tarixli, 320219-CNS-50884 saylı kredit xəttinin əsas şərtlərinə dair müştəri ərizəsi üzrə xx.xx.2024-cü il tarixə banka borclu olduğu 5.388,91 manat əsas, 367,12 manat faiz borcu və ödənilmiş 77,56 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.388,91 manat əsas, 367,12 manat faiz borcu və ödənilmiş 77,56 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-215/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-215/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver