Məhkəmə qərarları › İş №e-2(069)-235/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-235/2023

27.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-235/2023 27.12.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqiliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 336,80 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, e-2(069)-235/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, X3 məxsus, Cavabdeh tərəfindən idarə olunan **-CJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 240” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **-AS-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh təqsirli bilinmişdir. Sığortalı **-AS-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə zərərçəkən müraciət etmiş, **-AS-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən, 5.371,37 manat məbləğində müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən, sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 5.371,37 manat (819,36 manat ƏDV+4.552,01 manat təmir bərpa xərcləri olmaqla) məbləğində vəsaitdən 500 manat azadolma məbləği çıxılmaqla, 4.871,37 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4.534,57 manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2022-ci il tarixdə sığorta ödənişi çıxılmaqla, qalıq məbləğ olan 336,80 manat məbləğində vəsaitin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin bərpası üçün ödənilmiş 336,80 manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. Ona görə də, Cavabdeh zərər çəkmiş nəqiliyyat vasitəsinin bərpası üçün təmir xərcləri hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 336,80 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **- AS-*** dövlət qeydiyyat nişanlı “BMW X7” avtonəqliyyat vasitəsinə dəymiş zərər 5.371,37 manat müəyyən edilmiş və nəqliyyat vasitəsinin təmiri ilə bağlı 4.871,37 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan TP4659519 saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, G.S.L. GROUP MMC-yə məxsus **-AS-*** nömrəli “BMW X7” minik avtomobili X1 (Sürücülük vəsiqəsi AD 165580) istifadəsi üçün etibar edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbizdən görünür ki, G.S.L. GROUP MMC-yə məxsus **-AS-*** nömrəli “BMW X7” markalı nəqiliyyat vastəsinin təmirinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq olaraq 5.371,37 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMM-nin xx.xx.2022-ci il tarixli hesabat fakturasının surətindən görünür ki, **-AS-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtonəqliyyat vasitəsinin təmir bərpa xərcləri 5.371,37 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı vermiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış X2 etibarnamə əsasında idarə etdiyi **-AS-*** dövlət qeydiyyat nişanlı “BMW X7” markalı avtomobil sığorta müddətində xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan **-CJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E 240” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulması, Sabunçu rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinməsi, G.S.L. GROUP MMC-yə məxsus **-AS-*** nömrəli “BMW X7” markalı nəqiliyyat vastəsinin təmirinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq olaraq 5.371,37 manat ödəniş edilməsi, iş materialları və işin digər halları ilə sübuta yetirildiyindən, iddia əsaslıdır təmin edilməli, Cavabdeh nəqiliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 336,80 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidməti xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh nəqiliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 336,80 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidməti xərci "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar