Məhkəmə qərarları › İş №e-2(069)-240/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-240/2025

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-240/2025 18.02.2026 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 18.325 manat, ödənilmiş 146,69 manat məbləğində dövlət rüsumunun, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 350 manat və inzibati xətanın törədilməsinə görə ödənilmiş 72 manat olmaqla, cəmi 18.893,69 manat onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, özünə məxsus olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün xx.xx.2025-ci il tarixdə Cavabdeh notarial qaydasında təsdiq edilmiş etibarnamə vermişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə gecə saatlarında qeyd olunan avtomobili idarə edərkən, Binəqədi rayonu, “3-cü mədən” adlanan ərazidə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoqəza törətmiş və nəticədə avtomobili daş hasara çırpmışdır. Baş vermiş hadisə ilə əlaqədar Binəqədi RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən 20 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Dəymiş zərərin hesablanması məqsədilə avtomobil onun tərəfindən evakuator vasitəsilə "xxxx" MMC-nin Servis Mərkəzinə aparılmış, şirkət tərəfindən avtomaşına dəymiş zərərin ehtiyat hissələri və işçi xidmətləri də daxil olmaqla, avtomobilə dəymiş zərər ümumilikdə 18.325 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh xx.xx.2025-ci il tarixdə Yasamal və Binəqədi rayonları ərazisində iki dəfə yol hərəkəti qaydalarını pozmuş, həmin inzibati xətalara görə tətbiq olunmuş 72 manat cərimə onun tərəfindən ödənilmişdir. Zərərin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, bu günədək heç bir ödəniş edilməmişdir. Ona görə də Cavabdeh onun mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 18.325 manat, ödənilmiş 146,69 manat məbləğində dövlət rüsumunun, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 350 manat və inzibati xətanın törədilməsinə görə ödənilmiş 72 manat olmaqla, cəmi 18.893,69 manat onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı vəkili və nümayəndəsi olan Vəkil iddia tələbini dəqiqləşdirilməsi ilə bağlı elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, hazirda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, hazırkı iş üzrə dəymiş zərərin müəyyən edilməsi məqsədilə Xocavənd Rayon Məhkəməsinin qərardadı ilə məhkəməəmtəşünaslıq ekspertizası təyin olunmuş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, dəymiş zərər ehtiyat hissələri və işçilik haqqı ilə birlikdə 16.145 manat təşkil etmişdir. Ona görə də, Cavabdeh iddiaçının mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 16.145 manat, ödənilmiş 138,44 manat məbləğində dövlət rüsumu, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 350 manat və inzibati xətanın törədilməsinə görə ödənilmiş 72 manat olmaqla, cəmi 16.705,44 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi olan Vəkil elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, İddiaçı Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə xx.xx.2026-cı il tarixə təyin olunmuş məhkəmə baxış iclasında səhhətilə əlaqədar iştirak edə bilməyəcəyini nəzərə alıb, məhkəmə baxışını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elvin Bəşirovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən, toplanmış HK-1/765 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi tədbiri görülməsi üçün qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ YNH inspektoru, polis leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nın polis baş leytenantı X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında təbeh növü tətbiq edilmişdir. İş materiallarına olan Bakı şəhəri 24 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 iyul 2025-ci il tarixli, ƏN-Vİİ № 478844 saylı icbari qaydada sığortalanmış nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsini 1 il müddətinə idarə etmək üçün Cavabdeh etibar etmişdir. İş materiallarında olan BB seriyalı, 686771 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən ki, “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarınada olan "xxxx" MMC Sevis Mərkəzinin avtomobilə texniki baxış keçirilməsi barədə rəyindən görünür ki, “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” minik markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği ehtiyat hissələri və işçi xidmətləri də daxil olmaqla, ümumilikdə 18.325 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 528/E saylı mütəxəssis rəyindən görünür ki, 19 iyul 2025-ci il tarixdə Cavabdeh idarə etdiyi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği 11.555 (on bir min beş yüz əlli beş) manat təşkil edir. İddiaçı mülkiyyətində olan “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 16.145 (on altı min yüz qırx beş) manat tələb olunduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İXM-in 327.1-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə barəsində tərtib edilmiş İXP7381538 saylı protokol üzrə 36 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, İXM-in 327.1-ci maddəsi ilə yol nişanlarının tələblirinə riayət edilməməsinə görə barəsində tərtib edilmiş İXP7381538 saylı protokol üzrə 36 manat məbləğində cərimə ödənilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-190VK-49078/25 saylı müqavilədən görünür ki, İddiaçı ilə Vəkil arasında maddi ziyanın ödənilməsi tələbi ilə bağlı iddia ərizəsinin hazırlanması və məhkəmədə təmsil edilməsi üçün müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 350 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 20 saylı Vəkil Bürosuna 350 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********17 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 148 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh (şəxsiyyət vəsiqəsi AA 2189556, Fİn xxxxxxx) xx.xx.1998-ci ildə Xocavənd rayonunda doğulmuş və Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin 2-ci hissəsinə əsasən, Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək uçun çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa duşulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltməli və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi əsasında, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi “BYD DESTROYER 05 PLUG-İN HİBRİD” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətməsi, həmin yol nəqliyyat hadisəsi cavabdehin təqsiri ucbatından baş verməsi, barəsində cinayət işinin başlanmasının rədd edilməsi, bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati təbeh növündə cərimə edilməsi, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 16.145 manat manat ziyan dəyməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş ziyanı ödəməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia əsaslıdır təmin edilməli, Cavabdeh 16.145 (on altı min yüz qırx beş) manat İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamanda hesab edir ki, Cavabdeh ödənilmiş 138,44 (bir yüz otuz səkkiz manat qırx dörd qəpik) manat dövlət rüsumu, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat və inzibati xətanın törədilməsinə görə ödənilmiş 72 (yetmiş iki) manat İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh 16.145 manat, ödənilmiş 138,44 manat dövlət rüsumu, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 350 manat və inzibati xətanın törədilməsinə görə ödənilmiş 72 manat olmaqla, cəmi 16.705,44 (on altı min yeddi yüz beş manat qırx dörd qəpik) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Xocavənd Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar