Məhkəmə qərarları › İş №e-2(069)-26/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-26/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-26/2024 31.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Qapalı Səhimdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.566,27 manat əsas, 9,99 manat faiz, 1,48 manat cərimə borcu və ödənilmiş 35,80 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, e-2(069)-256/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı Qapalı Səhimdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağladığı xx.xx.2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.273,02 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Belə ki, götürdüyü kredit borcundan 1.706,75 manat ödəniş etmiş və onun iddiaçıya 1.566,27 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 300 gün üçün hesablanmış faiz borcu 9,99 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0,02 % məbləğində, lakin ümumi məbləğin 5 il ərzində 0,1 % artıq olmamaq şərti ilə cərimə ödəməyə borcludur. xx.xx.2023-cü il tarixə 300 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1,48 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.5-ci bəndinə əsasən, kreditin qalığını tam və ya qismən ona hesablanmış faizlə və olduğu təqdirdə hesablanmış cərimə ilə birlikdə vaxtından əvvəl banka qayrtarmaq hüququna malikdir. Ona görə də, Cavabdeh 1.566,27 manat əsas, 9,99 manat faiz, 1,48 manat cərimə borcu və ödənilmiş 35,80 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 0,0833 % olmaqla, 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3.273,02 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 055A********** saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, 60 ay müddətində, hər ay 70 manat İddiaçı QSC-nə ödəniş etməlidir. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 36,20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 29 oktyabr 2019-cu il tarixli, 055A********** saylı maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 055A********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə 1.566,27 manat əsas, 9,99 manat faiz və 1,48 manat cərimə borcu vardır. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasov X1 rayonu, Haxullu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia təmin edilməli, Cavabdeh 1.566,27 manat əsas, 9,99 manat faiz, 1,48 manat cərimə borcu və ödənilmiş 35,80 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.566,27 manat əsas, 9,99 manat faiz, 1,48 manat cərimə borcu və ödənilmiş 35,80 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar