Məhkəmə qərarları › İş №e-2(069)-80/2024

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-80/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-80/2024 20.05.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqarYadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrtə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, Cavabdeh 12.677,33 manat əsas, 295,96 manat faiz borcu və ödənilmiş 128,92 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK3788217B140 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 12.677.33 manat əsas, 295,96 manat faiz, cəmi 12.973.29 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, Cavabdeh 12.677,33 manat əsas, 295,96 manat faiz borcu və ödənilmiş 128,92 manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 26 aprel 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə ərizə göndərərək göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işin məhkəmə baxışı xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edilmişdir. Ona görə də, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq, mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ona qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki iş üzrə iddiasını qəbul edir. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı qaldırdığı 12.677,33 manat əsas, 295,96 manat faiz və ödənilmiş 128,92 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK3788217B140 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh 72 ay müddətinə, illik 19 % faiz dərəcəsi ilə 12.677,33 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, RGTK3788217B140 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh xx.xx.2023-cu il tarixdən başlayaraq, 72 ay müddətində, hər ay 296,35 manat olmaqla, sonuncu ay 305,66 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Beyləqan rayon filialı tərəfindən Cavabdeh hesabına 12.677,33 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 129,32 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2024/104/7905 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, RGTK3788217B140 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12.677,33 manat əsas, 295,96 manat faiz, cəmi 12.973,29 manat borcu yaranmışdır. İş materiallarında olan elektron sorğu sistemindən edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.1994-cu ildə Xocavənd rayonu, Kuropatkin kəndində doğulmuş, Xocavənd rayonu, Kuropatkin kəndində qeydiyyatdadır. Cavabdeh xx.xx.2023-cu il tarixli, AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə uyğun olaraq, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən, həmçinin Cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia əsaslıdır təmin edilməli, Cavabdeh 12.677,33 manat əsas, 295,96 manat faiz borcu və ödənilmiş 128,92 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12.677,33 manat əsas, 295,96 manat faiz borcu və ödənilmiş 128,92 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar