Məhkəmə qərarları › İş №e-2(069)-89/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-89/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-89/2025 15.04.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı X1-Bank Kredit Təşkilatı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 775 manat əsas, 78,93 manat faiz, 159,53 manat cərimə borcu və ödənilmiş 30,14 manat məbləğində dövlət rüsumunun İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, e-2(069)-89/2025 saylı qərardadı ilə İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 20 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı X1-Bank Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı X1- Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0482 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30 % faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 2.200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclu hər ay 124 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən, Cavabdeh əsas borc üzrə 775,00 manat, faiz borcuna görə 78,93 manat, cərimə borcuna görə 159,53 manat olmaqla, cəmi 1.013,46 manat təşkil edir. Ona görə də, Cavabdeh 775 manat əsas, 78,93 manat faiz, 159,53 manat cərimə borcu və ödənilmiş 30,14 manat məbləğində dövlət rüsumunun İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********0482 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədləri üçün illik 30 % faiz dərəcəsi ilə 24 ay müddətinə, 2.200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli Fincard kredit vermə qəbzindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən 2.200 manat məbləğində vəsait Cavabdeh hesabına ödənilmişdir. İş materiallarında olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq, illik 30 % dərcəsi ilə 24 ay müddətinə, hər ay 124 manat olmaqla, sonuncu ay 110 manat İddiaçı X1- Bank Kredit Təşkilatına ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktından görünür ki, Cavabdeh 5376 0933 4348 1214 saylı kredit kartını İddiaçı X1-Bank Kredit Təşkilatından təhvil almışdır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh (fərdi identifikasiya nömrəsi 7LBBW6R) xx.xx.2003-cü ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı X1-Bank Kredit Təşkilatına 775 manat əsas, 78,93 manat faiz borcu, 159,53 cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Asan ödəniş” qəbizindən görünür ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 30,14 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehdən tələb etdiyi 159,53 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesablandığından həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 775 manat əsas, 78,93 manat faiz, 77 manat cərimə və ödənilmiş 30,14 manat məbləğində dövlət rüsumu İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 775 manat əsas, 78,93 manat faiz, 77 manat cərimə və ödənilmiş 30,14 manat məbləğində dövlət rüsumu İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar