Məhkəmə qərarları › İş №e-2(070)-102/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-102/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-102/2025 06.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2343,12 manat əsas borcun, 1311,17 manat faiz borcunun, cəmi 3654,29 manat borc məbləğinin və ödənilmiş 56,54 manat dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli, 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh2 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da xx.xx.2017-ci il tarixli, S-FK-MİN-258 saylı təhviltəslim aktı əsasında İddiaçı QSC-yə ötürülmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli, 1-xx.xx.2014 MİN57 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədi üçün 24 ay müddətinə illik 22 faizlə 4500 manat kredit verilmişdir. Kredit borcunun təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında 22 dekabr 2014-cü il tarixli 1-xx.xx.2014 MİN57 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, Cavabdeh2 tərəfindən buna əməl olunmamışdır. Hazırda cavabdehin İddiaçı QSC-yə olan əsas borcu 2343,12 manat, faiz borcu 1311,17 manat, cəmi borcu 3654,29 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Cavabdeh2 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 3654,29 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehlərin "xxxx" ASC-yə olan borcları üzrə tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-a keçmiş və ilk növbədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un Şəki filialı müvafiq aktla sənədləri qəbul etmişdir. Daha sonra, yəni 2017-ci ildə isə müvafiq aktlar sənədlər İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un Ucar filialı tərəfindən qəbul edilmişdir. 2017-ci ildən hazırki vaxta qədər cavabdehlər tərəfindən borc üzrə hər hansı ödəniş olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, o, 2014-cü ildə "xxxx" ASC-dən kredit götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un iddiasını qəbul etmir. Yekunda müvafiq ərizə təqdim edərək iddia müddətini tətbiq edib iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, Cavabdeh2 2014-cü ildə "xxxx" ASC-dən kredit götürmüş və o, zamin kimi müəyyən olunmuşdur. Lakin xeyli vaxt keçdiyindən artıq onun öhdəliyi də yadından çıxmışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-Min57 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-Min57 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2016-cı il tarixədək "xxxx" ASC-yə hər ay 233,5 (sonuncu ay 232,07) manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, 4342,5 manat vəsait Cavabdeh2 tərəfindən qəbul edilmişdir; xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-min57 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 zamin kimi Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-Min57 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2017-ci il tarixli, S-FK-MİN-258 nömrəli aktdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-Min57 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan əsas və faiz borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən (aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər) təhvil alınmışdır; İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un məlumatından görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixə xx.xx.2014-cü il tarixli, 1-xx.xx.2014-Min57 nömrəli kredit müqaviləsi üzrə 2343,12 manat əsas borcu, 1311,17 manat faiz borcu, cəmi 3654,29 manat borcu vardır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 56,54 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunduğu kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən öhdəliyini icra etməyi tələb edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni öhdəliyin icra müddətindən 9 ilə yaxın bir müddət keçdikdən sonra müraciət etmişdir. İddiaçının nümayəndəsi cavabdehlər tərəfindən 2017-ci ildən hazırki dövrə qədər kredit müqaviləsi üzrə ödəniş olunmadığını bildirir. Cavabdeh2 iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (“Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 22 may tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə araşdırması zamanı sübuta yetir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsində borcun qaytarılması üçün 24 ay müddət müəyyən edilmiş (xx.xx.2016-cı il tarixədək) və onun icra müddəti başa çatmışdır. İddiaçı isə borc pulun geri qaytarılmasını xx.xx.2025-ci il tarixdə məhkəmə müstəvisində mübahisələndirmişdir. Hazırda iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti ötürülmüşdür (bu halda məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, sözügedən maddəyə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş üzrə müəyyən olunduğu kimi tərəflər arasında hüquq münasibəti 2014-cü ildə yaranmışdır. Lakin 24 fevral 2023-cü il tarixli, 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş və dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir). Belə olan halda məhkəmə iddia tələbini borcun Cavabdeh2 tutulması hissəsində əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə iddia tələbinin ona aid hissədə rədd edilməsini əsaslı və qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia tələbi kredit müqaviləsi üzrə həm əsas borcluya, həm də zaminə qarşı yönəlmişdir. Digər cavabdeh (zamin) Cavabdeh1 qarşı irəli sürülmüş tələb də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatmış (ödəniş cədvəlinə əsasən), lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş, ərizə zaminliyə xitam verildikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən zamin Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşımır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKTun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-a aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-a aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar