Məhkəmə qərarları › İş №e-2(070)-11/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-11/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-11/2025 07.01.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3008,85 manat əsas borc, 193,31 manat faiz borcu, 45,88 manat cərimə borcu, cəmi 3248,04 manat borcun, həmçinin dövlət büdcəsinə köçürülmüş 52,48 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında 302491 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 3015 manat məbləğində pul ayrılmışdır və o, 20 ay müddətində illik 16 faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə 3008,85 manat əsas borcu, 193,31 manat faiz borcu, 45,88 manat cərimə borcu, cəmi 3248,04 manat borcu vardır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 302491 nömrəli kredit müqaviləsindən görünür ki, “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh 20 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 3015 manat məbləğində kredit verilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 3008,85 manat əsas, 193,31 manat faiz, 45,88 manat cərimə borcu olmaqla, cəmi 3248,04 manat məbləğində borcu vardır; xx.xx.2024-cü il tarixli, **********51 nömrəli mədaxil qəbzindən görünür ki, “X1 Azərbaycan” QSC məhkəmədə iddia qaldırmaq üçün 52,48 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh “X1 Azərbaycan” QSC tərəfindən kredit verilmiş, Cavabdeh “X1 Azərbaycan” QSC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 45,88 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq 5 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3008,85 manat əsas borc, 193,31 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 3207,16 manat borc, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 52,08 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3008,85 manat əsas borc, 193,31 manat faiz borcu, 5 manat cərimə borcu olmaqla, cəmi 3207,16 manat borc, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 52,08 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar