Məhkəmə qərarları › İş №e-2(070)-151/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-151/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-151/2025 27.05.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə 1541,27 manat əsas, 119,84 manat faiz, cəmi 1661,11 manat məbləğində vəsaitin və ödənilmiş 36,61 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK0732877C218 nömrəli kredit müqaviləsinə əsasən ona illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 1541,27 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, pul vəsaitinin cavabdehə nağd qaydada verilməsini təsdiq edən xəzinə məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 1541,27 manat əsas, 119,84 manat faiz, cəmi 1661,11 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, RGTK0732877C218 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə 1541,27 manat məbləğində kredit verilmişdir; xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, 1541,27 manat vəsait Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə xx.xx.2024-cü il tarixli, RGTK0732877C218 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1541,27 manat əsas, 119,84 manat faiz, cəmi 1661,11 manat məbləğində borcu vardır; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən hazırkı tələb üzrə 36,61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ASC tərəfindən kredit verilmiş, Cavabdeh İddiaçı ASC-dən pulu qəbul etmiş, kredit üzrə borcun və ona hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüş, lakin öhdəliklərini yerinə yetirməmiş, nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1541,27 manat əsas borc, 119,84 manat faiz borcu, cəmi 1661,11 manat məbləğində vəsait, həmçinin ödənilmiş 36,61 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1541,27 manat əsas borc, 119,84 manat faiz borcu, cəmi 1661,11 manat məbləğində vəsait, həmçinin ödənilmiş 36,61 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar