Məhkəmə qərarları › İş №e-2(070)-274/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-274/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-274/2024 24.09.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 271.15 manat məbləğində əsas kredit borcunun, 2.99 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu olmaqla, kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 0 manat, cəmi 274.14 manat borcun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 037CASA191490006 saylı, 29 may 2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 12 ay güzəşt müddət olmaqla 60 ay müddətinə illik 1 % faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3174.21 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, 037FİZAM38485105 saylı zaminlik müqaviləsi imzalanmış və həmin müqavilə üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehin İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixinə 271.15 manat əsas kredit borcu, 2.99 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği 0 manat, cəmi 274.14 manat borcu qalmaqdadır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, 037CASA191490006 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə, illik 1 faiz dərəcəsi ilə 3174.21 manat məbləğində kredit verilmişdir; xx.xx.2019-cu il tarixli, 037FİZAM38485105 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 037CASA191490006 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür; xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 037CASA191490006 nömrəli kredit müqaviləsi üzrə 271.15 manat əsas, 2.99 manat faiz borcu, cəmi 274.14 manat borcu vardır; **********11 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, Cavabdeh2 da zamin olduğu üçün əsas borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 271.15 manat məbləğində əsas kredit borcu, 2.99 manat məbləğində faiz borcu, cəmi 274.14 manat məbləğində vəsait, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 271.15 manat məbləğində əsas kredit borcu, 2.99 manat məbləğində faiz borcu, cəmi 274.14 manat məbləğində vəsait, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar