Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-329/2024 17.12.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2500 manat pulun və 45 manat dövlət rüsumu olaraq ödədiyi pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 11 aprel 2021-ci il tarixdə həmkəndlisi Xəyal söhbət zamanı Namiq adlı şəxsin ona Fövqaladə Hallar Nazirliyinin X1 Xidmətinin Şəki rayon X1 hissəsinə işə düzəlməsinə köməklik etdiyini, istəyirsə, onu da Namiqlə tanış edə biləcəyini bildirmişdir. İşsiz olduğu üçün razılaşmış və həmin gün Xəyalla birlikdə Şəki şəhərinə gəlib Çələbixan restoranında Namiqlə görüşmüşdür. Namiq ondan hara işə düzəlmək istədiyini soruşduqda o, Fövqaladə Hallar Nazirliyinə işə düzəlmək istədiyini bildirmişdir. Namiq də ona dediyi işə düzəlməyi üçün 7500 manat, belə ki, ilkin olaraq işə düzəlməyi üçün 2500 manat, işə başlayandan sonra isə 5000 manat pul verməli olduğunu demişdir. O, işə düzəlməyi üçün həmin pulu verməyə razılaşmışdır. Sonra Namiq ona Bakı şəhərinə gedəcəyini, 2500 manat pulu, həmçinin özünün və valideynlərinin şəxsiyyət vəsiqələrinin surətini ona çatdırmağını demişdir. 11 aprel 2021-ci il tarixdə saat 23 radələrində evlərində olan zaman Namiq istifadəsində olan (055) ***-**-** mobil nömrəsindən mobil telefonuna zəng vurub Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisindəki X3 postunun yaxınlığında onu gözlədiyini bildirmişdir. Ona görə evlərindən 2500 manat pulu götürüb özünə məxsus “Vaz 2107” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Namiqin dediyi yerə getmişdir. X3 postunun yaxınlığında Namiqlə görüşüb 2500 manat pulu ona vermişdir. Özünün və valideynlərinin şəxsiyyət vəsiqəsinin şəklini çəkib “Whatsapp” proqramı vasitəsilə Namiqin telefonuna göndərmişdir. Namiq pulu ondan alandan sonra ona narahat olmamağı demiş, 3-5 ay ərzində işini həll edəcəyinə söz vermişdir. 3 aydan sonra Namiqə zəng vurub işi ilə maraqlanmışdır. Namiq də ona narahat olmamağını, 1 ay ərzində işini həll edəcəyini bildirmişdir. Sonradan da bir neçə dəfə Namiqə zəng vurub işi ilə maraqlanmışdır. Lakin Namiq hər dəfə onu aldadıb işini bir ay ərzində həll edəcəyinə söz versə də, yenə də işini həll etməmişdir. Sonuncu dəfə Namiqlə Şəki şəhərində görüşüb ondan pulunu istədikdə Namiq kredit götürüb pulunu qaytaracağını bildirmiş, lakin yenə onu aldadıb pulunu verməmişdir. Ona görə Namiqin onu işə düzəltmək adı ilə aldadıb 2500 manat pulunu alması ilə bağlı polis şöbəsinə gəlib şikayət etmişdir. Şəki Şəhər-Rayon Polis şöbəsinin X2 Əliyevin barəsində cinayət işi açılaraq araşdırma aparıldıqdan sonra ittiham aktı ilə birlikdə cinayət işi Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şaki Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin 1(075)-16/2023 saylı, 22 avqust 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə həmin Məcəllənin 75-ci maddəsinə əsasən xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Həmin vaxtdan indiyədək cavabdeh ona ödəməli olduğu pulu ödəyəcəyini bildirsə də, indiyədək heç bir ödəniş etməmişdir. Cavabdeh hər dəfə bir bəhanə gətirərək ona vurmuş ziyanı ödəmək istəmir. Dəymiş ziyanın ona Cavabdeh tərəfindən ödənilmədiyi Şəki Rayon Məhkəməsinin 1(075)- 16/2023 saylı, 22 avqust 2023-cü il tarixli qərarında öz əksini tapır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəf olaraq işi ilə bağlı iştirak edə bilmir. Belə ki o, Şəki Rayonlararası Mühafizə İdarəsində mühafizəçi işləyir. Cavabdeh barəsində hazırda Şəki Rayon Məhkəməsində cinayət işi gedir. Cavabdeh onun kimi bir çox şəxslərə maddi ziyan vurmuşdur. Artıq 3 ilə yaxındır ki, Cavabdeh onu aldadaraq pulu ödəyəcəyini bildirsə də, ödəməmişdir. İddia ərizəsinə əlavə etdiyi qərarla Cavabdeh ona 2500 manat pulu ödəmədiyi öz təsdiqini tapır. Cavabdeh məhkəmənin də çağırışlarına məhəl qoymayaraq məhkəmə iclasına gəlmir. Cavabdeh Xocalı rayon sakini olmasına arxayın olaraq camaatın pulunu ödəmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini, mövcud sübutlar əsasında işə baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-16/2023 nömrəli qərarından görünür ki, Cavabdeh təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı 2500 manat pul müqabilində onu Fövqaladə Hallar Nazirliyinin X1 Xidmətinin Şəki rayon X1 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 11 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisində yerləşən X3 postunun yaxınlığında sonuncunun 2500 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı 2500 manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Nəticədə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə olan cinayət təqibinə həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən xitam verilmiş və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilmişdir. Sözügedən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs əvvəl təqsirləndirilən şəxslə barışdığını, ziyanın ödənildiyini bildirsə də, sonrakı məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyanın ödənilmədiyini, şikayətçi olduğunu və Cavabdeh pulunu tələb etdiyini qeyd etmişdir; Məhkəmənin sorğusuna cavab olaraq Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(075)-16/2023 nömrəli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(105)-16/2023 nömrəli qərarı 12 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Həmçinin, həmin məktuba əlavə edilmiş zərərçəkmiş şəxs İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı tələb üzrə 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında zərər vurulması nəticəsində öhdəlik hüquq münasibəti yaranmışdır və işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş üzrə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(075)-16/2023 nömrəli qərarı ilə Cavabdeh qəsdən, tamah niyyətilə, etibardan sui istifadə etmə və aldatma yolu ilə İddiaçı əmlakını ələ keçirmək məqsədilə İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi öz təsdiqini tapmışdır. Sözügedən qərarla Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin bəraətverici əsas olmadan, yəni həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən Cavabdeh cinayət məsuliyyətindən azad edilmişdir. Cavabdeh barəsində Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)- 16/2023 nömrəli qərarı 12 sentyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(075)-16/2023 nömrəli qərarından görünür ki, Cavabdeh təkrarən, qəsdən, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı 2500 manat pul müqabilində onu Fövqaladə Hallar Nazirliyinin X1 Xidmətinin Şəki rayon X1 hissəsinə işə düzəlməsinə köməklik göstərəcəyi barədə uydurma və yalan vədlər verərək onu inandırıb etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək aldatma yolu ilə 11 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisində yerləşən X3 postunun yaxınlığında sonuncunun 2500 manat pulunu alıb ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı 2500 manat məbləğində maddi ziyan vurmaqla qəsdən dələduzluq cinayətini törətmişdir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdeh iddiaçıya qarşı cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və həmin qərarda zərərin məbləği göstərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MPM-in 82.4-cü maddəsi). Məhkəmə İddiaçı cinayət mühakimə icraatı çərçivəsində məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində göstərdiyi xüsusata, yəni Cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən bu məzmunlu ərizə təqdim edilməsinə baxmayaraq Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(075)-16/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsində sonradan İddiaçı bu halı təkzib etməsi müəyyən olunur. Belə ki, İddiaçı sonradan təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, sonuncudan şikayətçi olduğunu, pulunu tələb etdiyini bildirmişdir. Sözügedən hal isə Cavabdeh tərəfindən İddiaçı cinayət nəticəsində vurulmuş ziyanın, yəni 2500 (iki min beş yüz) manat pulun ödənilməməsi qənaətinə gəlməyə əsas verir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat pul, həmçinin ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat pul, həmçinin ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-329/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-329/2024
17.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver