Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-34/2024 24.01.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi bir ədəd Samsung markalı televizor və soyuducu, bir ədəd Silverline markalı mikrodalğalı elektrik sobası, bir ədəd Luxell markalı ankastr və qaz sobasının qalıq borcu olan 4370 manat məbləğin və 64 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “KZS Elektroniks” adlanan mağazanın fəaliyyəti ilə məşğuldur. Həmin mağazada məişət texnikası avadanlıqlarının pərakəndə satış və daxili kredit vasitəsi ilə müddətli satışını müştərilərə təmin edir. O, müştərilərlə şifahi razılaşmadan sonra, öz aralarında öhdəlik müqaviləsi bağlayaraq müştərinin istismara götürəcəyi texnikanın dəyərini hissə-hissə ödəmək şərti ilə satır. Cavabdeh xx.xx.2021-ci ildə mağazaya yaxınlaşaraq dəyəri 1500 manat olan bir ədəd Samsung televizor, dəyəri 1860 manat olan bir ədəd Samsung markalı soyuducu, dəyəri 460 manat olan bir ədəd Silverline markalı mikrodalğalı elektrik sobası, dəyəri 450 manat olan bir ədəd Luxell markalı ankastr və dəyəri 200 manat olan bir ədəd qaz sobasının məbləğini 12 (on iki) ay müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh bugünkü tarixə kimi aylıq ödənişlərinə dair 100 manat məbləğində ödəniş etmişdir. Qalan 4370 manat məbləğə dair heç bir ödəniş etməmişdir. Bundan sonra cavabdehdən öz borcunu ödəməyi tələb etsə də müxtəlif bəhanələrlə onu yubadmış və nəticədə xx.xx.2021-ci il tarixdən bir il müddətinə ödəməyi öhdəsinə götürdüyü borcun aylıq ödənişlərinə riayət etməmişdir. Ona görədə hesab edir ki, müqavilə üzrə qalıq borc olan 4370 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Samsung televizoru, Samsung markalı soyuducunu, Silverline markalı mikrodalğalı elektrik sobasını, Luxell markalı ankastr sobanı və qaz sobasını 4470 manata nisyə almış və xx.xx.2023-cü il tarixdə həmin məbləğdən 100 manat ödəniş etmişdir. Cavabdeh ödəməli olduğu qalıq məbləğ 4370 manatdır; xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 4370 manat borc və ödənilmiş 64 manat dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 210-248, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4370 manat borc və ödənilmiş 64 manat dövlət rüsumunun əvəzi İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(070)-34/2024
Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-34/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver