Məhkəmə qərarları › İş №e-2(070)-379/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-379/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-379/2024 11.12.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 05 dekabr 2022-ci il tarixli, 800804-806409/5 nömrəli kredit müqaviləsi üzrə 10825,89 manat məbləğində əsas borc və 1204,38 manat faiz borcu olmaqla, cəmi 12030,27 manat borcun, həmçinin 126,09 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli, 800804-806409/5 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 18,5% dərəcəsi ilə 15300 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, borcalan borcunu ödəməmişdir. 04 noyabr 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10825,89 manat məbləğində əsas borcu və 1204,38 manat fazi borcu olmaqla, cəmi 12030,27 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəlikər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiklərini bildirmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qəbul edir. O, həqiqətən bankdan kredit götürmüşdür. Lakin maddi vəziyyəti aşağı olduğundan ödəniş edə bilmir. Borcunu hissə-hissə ödəməyə maddi imkanı çatır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edərək buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 800804-806409/5 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 48 ay müddətinə, illik 18,5 faiz dərəcəsi ilə 15300 manat məbləğində kredit vermişdir; xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 15300 manat Cavabdeh tərəfindən qəbul edilmişdir; xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli, 800804-806409/5 nömrəli kredit müqaviləsi üzrə 10825,89 manat əsas borcu, 1204,38 manat faiz borcu, cəmi 12030,27 manat borcu vardır; xx.xx.2024-cü il tarixli, **********68 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 126,09 manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 800804-806409/5 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 18,5 faiz dərəcəsi ilə 15300 manat məbləğində kredit verilmişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüş, lakin kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə xx.xx.2024-cü il il tarixə banka 10825,89 manat əsas borcu, 1204,38 manat faiz borcu, cəmi 12030,27 manat borcu yaranmışdır. Yaranmış borcu ödəməsi barədə cavabdehə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliklərini icra etməmiş, bununla da kreditora ziyan vurmuşdur. Buna görə də cavabdeh öhdəliklərinin pozuntusu üçün kreditor qarşısında məsuliyyət daşımalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10825,89 manat əsas borc, 1204,38 manat faiz borcu, cəmi 12030,27 manat borc, həmçinin ödənilmiş 126,09 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10825,89 manat əsas borc, 1204,38 manat faiz borcu, cəmi 12030,27 manat borc, həmçinin ödənilmiş 126,09 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar