Məhkəmə qərarları › İş №e-2(070)-62/2025

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(070)-62/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № e-2(070)-62/2025 18.03.2025 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Savalanlı Aysel Əbdül qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Azər oğlunun iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 6078,29 manat əsas borcun, 1849,09 manat faiz borcunun, 700 manat cərimənin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün 90,32 manat faiz borcunun, cəmi 8717,7 manat pul vəsaitinin və 108 manat dövlət rüsumunun Cavabdeh tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 24 avqust 2023-cü il tarixli, 0416/2023 nömrəli kredit müqaviləsinə əsasən ona 12 (on iki) ay müddətinə illik 35 (otuz beş) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi xx.xx.2023-cü il tarixli qiymətləndirmə və təhvil-təslim aktına əsasən borcalana məxsus ümumi dəyəri 6163,2 manat olan qızıl-zinət əşyaları girov qoyulmuş və bu barədə 24 avqust 2023-cü il tarixli, 0416/2023/G nömrəli girov müqaviləsi bağlanılmışdır. Borcalan müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi üçün girov qoyulmuş qızıl-zinət əşyaları satışa çıxarılmış və əldə edilən məbləğ borcdan silinmişdir. 10 dekabr 2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 8717,7 (səkkiz min yeddi yüz on yeddi manat yetmiş qəpik) manat təşkil edir. Bundan 6078,29 (altı min yetmiş səkkiz manat iyirmi doqquz qəpik) manat əsas, 1849,09 (bir min səkkiz yüz qırx doqquz manat doqquz qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün faiz məbləği üzrə 90,32 (doxsan manat otuz iki qəpik) manat borc təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə edilmiş şifahi və rəsmi olaraq 1401 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Azər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, girov qoyulmuş qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən təhvil alınmış və buna dair təhvil-təslim aktı tərtib edilmişdir. Həmin əşyalar cavabdehin razılığı ilə satılmış və borcun bir hissəsi ödənilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 0416/2023 nömrəli kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh 12 ay müddətinə, illik 35 faiz dərəcəsi ilə 15000 manat kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəlik götürmüşdür; xx.xx.2023-cü il tarixli, 0416/2023/G nömrəli girov müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 0416/2023 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq 21358,75 manat dəyərində qızıl-zinət əşyasını girov qoymuşdur; xx.xx.2023-cü il tarixli, 175 nömrəli ödəniş tapşırığından görünür ki, 14700 manat vəsait xx.xx.2023-cü il tarixli, 0416 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh hesabına köçürülmüşdür; Cavabdeh məxsus cari hesabdan çıxarışdan (xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində) görünür ki, xx.xx.2023-cü il tarixdə 0416/2023 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh hesabına 15000 manat vəsait mədaxil olunmuşdur; xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 0416/2023 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixə 6078,29 manat əsas borcu, 1849,09 manat faiz borcu, 700 manat cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun hesablanmış 90,32 manat faiz borcu, cəmi 8717,7 manat məbləğində borcu vardır; Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən (pretenziya məktubundan) görünür ki, xx.xx.2023-cü il tarixli, 0416/2023 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2024-cü il tarixinə 6078,29 manat əsas borcu, 1849,09 manat faiz borcu, 700 manat cərimə borcu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun hesablanmış 90,32 manat faiz borcu, cəmi 8717,7 manat məbləğində borcu vardır; xx.xx.2023-cü il tarixli, AC21322990 nömrəli Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin baş ofisinə girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, girov qoyulmuş qızıl-zinət əşyaları bütövlükdə xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən təhvil alınmış və 6163,2 manata satılmışdır; xx.xx.2025-ci il tarixli, **********97 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 108 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildiyi kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Cavabdeh 12 ay müddətinə illik 35% dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh isə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürmüş, həmçinin Cavabdeh dəyəri 21358,75 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Lakin, Cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə banka borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissələrində əsaslıdır və həmin hissələrdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 700 manat məbləğində cərimə hissələrinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi rəhbər tutulmaqla azaldılaraq müvafiq olaraq 50 manat məbləğində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6078,29 manat əsas borc, 1849,09 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 90,32 manat faiz borcu olmaqla, cəmi 8067,7 manat borc, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 100,68 manat dövlət rüsumunun əvəzi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6078,29 manat əsas borc, 1849,09 manat faiz borcu, 50 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 90,32 manat faiz borcu olmaqla, cəmi 8067,7 manat borc, həmçinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 100,68 manat dövlət rüsumunun əvəzi iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar