Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1001/2025 25.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək xx.xx.1983-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh 6.700 (altı min yeddi yüz) manat məbləğində pul vəsaitinin və 87 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. Cavabdeh müxtəlif vaxtlarda ondan borc pul götürmüş və tezliklə qaytaracağına dair söz vermişdir. Onun 6.700 manat borcu qalmışdır. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh pulu qaytarmır. O, dəfələrlə ondan pulu qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınır. Cavabdeh ona olan etibarından sui-istifadə edərək onu aldatmış, borcunu könüllü şəkildə qaytarmaq istəmir. Sübut olaraq səs yazıları, danışıqlar, mesajlar və pul göndərməsinə dair qəbzləri iş materiallarına əlavə etmişdir. Beləliklə, Cavabdeh ona 6.700 manat məbləğində pul borcu vardır. İddiaçı bununla bağlı Zaqatala RPŞ-yə müraciət etmiş, lakin iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu ona izah edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-1001/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Azərbaycan Respublikası DİN Zaqatala Rayon Polis Şöbəsinə müraciətlə yazdığı xx.xx.2025-ci il tarixli ərizədən, həmin Şöbənin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı Cavabdeh barəsində şikayəti üzrə Zaqatala RPŞ-də araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh Hacıqabul rayonunda qeydiyyatda olmasını və hal-hazırda yaşadığı ünvanın bilinməməsi səbəbindən izahatının alınmasının mümkün olmaması, eyni zamanda məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi İddiaçı izah edilmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskdə olan "xxxx" ASC-nin “Birbank” tətbiqi üzərindən ekran görüntüsü vasitəsilə əldə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı müxtəlif saatlarda və müxtəlif məbləğlərdə - 250 manat (13:09); 6 manat (18:50); 70 manat (18:09); 60 manat (10:20); 100 manat (06:20); 10 manat (07:06); 100 manat (00:58); 20 manat (18:57); 200 manat (22:01); 150 manat (10:00); 50 manat (09:37); 36 manat (12:31); 50 manat (19:03); 200 manat (11:31); 1000 manat (09:18); 200 manat (10:38); 200 manat (09:00) pul vəsaitini “Şahin Q*********” adlı hesaba transfer etmiş, eyni zamanda tətbiq üzərindən iddiaçının adına 1159,07 manat məbləğində kredit rəsmiləşdirilmişdir. Bundan başqa “E-manat” və “MilliÖn” ödəniş terminallarından əldə edilmiş qəbzlərdən görünür ki, 1000 manat (xx.xx.2025 saat 10:37), 200 manat (xx.xx.2025 saat 16:45), 68 manat (xx.xx.2025 saat 10:57), 64 manat (xx.xx.2025 saat 10:59) və 100 manat (xx.xx.2025 saat 14:56) məbləğlərindəki pul vəsaiti Ş**** Q********* Y**** məxsus bank hesabına köçürülmüşdür. Həmçinin, sözügedən DVD diskdəki “Whatsapp” ani mesajlaşma tətbiqindən əldə edilmiş ekran görüntülərindən və səs yazılarının məzmunundan aydın olur ki, İddiaçı Cavabdeh ilə olan dialoqlarında vaxtaşırı ona olan borclarını qaytarmasını, cavabdehin iddiaçını maddi cəhətdən çətin vəziyyətə saldığı, bununla yanaşı cavabdehin İddiaçı dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitini ona borc kimi verməsini və həmin borcları əmək haqqı aldıqdan sonra qaytaracağına dair vədlər verməsi aydın olur. Lakin, tərəflər arasındakı həm səsli, həm də yazılı dialoqlardan aydın olur ki, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən qəsdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəyə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəyə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəyə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəyə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəyə görə əsassız varlanma nəticəsində əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəyə görə əsassız varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehə 6700 manat pulu verdiyinə dair sübutunu – tərəflər arasında olan yazışmaları, audio yazıları, eyni zamanda müxtəlif onlayn ödəniş portallarından cavabdehə məxsus hesaba köçürdüyü pul məbləğlərini təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 87 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6700 (altı min yeddi yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-1001/2025
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(071)-1001/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver