Məhkəmə qərarları › İş №e-2(071)-1100/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1100/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1100/2023 30.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” nə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas məbləğ üzrə 170,55 manat, faiz borcu üzrə 219,85 manat olmaqla, cəmi 390,40 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış 533599** **5455 saylı kart hesabına xx.xx.2020-ci il tarixindən yaranan texniki xəta səbəbindən onun qeyd olunan kart hesabında yetərli pul vəsaiti olmadığı halda banka məxsus 170,55 manat məbləğində pul vəsaitini istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq Cavabdeh tərəfindən istifadə edilmiş banka məxsus vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan vəsait cavabdeh tərəfindən nağdılaşdırıldığından (qeyd olunan pul vəsaiti istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Göstərilən pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 170.55 manat məbləğində əsas borc, 219.85 manat faiz borcu olmaqla, cəmi 390.40 manat məbləğində borcu yaranmışdır. Bildiririk ki, xx.xx.2019-cü il tarixli “Bank Respublika ASC-nin plastik kartlarının əldə edilməsinə və istifadəsinə dair müqavilənin və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlərimiz nəticəsiz qalmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (müştəri) arasında xx.xx.2019-cu il tarixli Kompleks bank xidməti müqaviləsi bağlanmışdır. Bu müqavilə çərçivəsində bank müştəriyə bank hesabının açılması və aparılması, əmanət hesabının açılması, bank kartlarının buraxılması və verilməsi, elektron bank xidmətlərinin göstərilməsini həyata keçirmişdir. Müqavilənin 3.1.4-cü bəndinə əsasən hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (limitin aşılması) “Texniki overdraft” hesab olunur. Həmin müqavilənin 3.4.5-ci bəndinə əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizi ilə birlikdə (illik 42 faiz olmaqla) müştəri geri qaytarmalıdır. İş materiallarında olan kredit kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən ona verilmiş plastik kartından istifadə edərək karta müxtəlif vaxtlarda pul məbləğləri mədaxil etmiş, daha sonra vaxtaşırı olaraq həm mədaxil edilmiş pul məbləğlərini, həm də banka aid olan 170,55 manat pul vəsaitini xx.xx.2020-ci il tarixdə əməliyyat apararaq istifadə etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit kartı müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 170,55 manat, faiz borcu üzrə 219,85 manat olmaqla, cəmi 390,40 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə plastik kart təqdim edilmişdir və razılaşmaya əsasən cavabdehə həmin karta pul vəsaitləri mədaxil edə və yalnız həmin mədaxil etdiyi vəsaitdən istifadə edə bilər. Lakin, cavabdeh mədaxil etdiyi vəsaitlə yanaşı, ona aid olmayan, iddiaçıya məxsus 170,55 manat pul vəsaitini də istifadə etmiş və bunun nəticəsində heç bir qanuni əsas olmadan iddiaçının vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarını rəhbər tutaraq və işin faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehin əsassız varlanma nəticəsində əldə etdiyi 170,55 manat pul vəsaitini və həmin pul vəsaitinin vaxtında ödənilməməsinə görə müqavilə şərtlərinə əsasən hesablanmış illik 42 faiz məbləğində 219,85 manat pul vəsaitini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 170,55 manat əsas borc və 219,85 manat faiz borcu olmaqla, cəmi 390,40 manat (üç yüz doxsan manat, qırx qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar