Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1169/2025 23.12.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 500 manat əsas, 68 manat faiz, 138 manat komissiya və 294 manat cərimə olmaqla, cəmi 1000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********003 saylı “mikrokredit müqaviləsi”nə əsasən müəyyən olunur ki, bank - İddiaçı BOKT MMC müştəriyə - Cavabdeh 30 gün müddətinə illik 60,85 faiz dərəcəsi ilə 500 manat məbləğədək kredit verməyi, müştəri isə krediti təyinatına uyğun istifadə etməyi müəyyən olunmuş müddətə, yəni 137,50 manat xidmət haqqı, kredit məbləğindən istifadəyə görə 67,50 manat haqq olmaqla onu 13,5% faizi ilə birlikdə, cəmi 705 manat pul vəsaitini xx.xx.2025-ci il tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı BOKT MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 500 manat əsas, 68 manat faiz, 138 manat komissiya və 294 manat cərimə olmaqla, cəmi 1000 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2025-ci il tarixli, **********003 saylı kredit müqaviləsi üzrə əsas borcun 7% həcmində, yəni 35 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddiaçının 138 manat məbləğində komissiya (xidmət haqqı) borcunun tutulması barədə tələbini araşdıraraq hesab edir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli **********003 saylı mikrokredit müqaviləsinin “Terminlər” hissəsində “Verilmiş kredit məbləği üzrə xidmət haqqının miqdarı” anlayışına verilən izahda qeyd olunur ki, bu haqq borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi, ödənişlərin uçotu, izlənməsi, müştəri dəstəyi və banklarla qarşılıqlı əlaqə kimi fəaliyyətləri əhatə edir. Lakin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sadalanan bu hərəkətlər kredit təşkilatının öz daxili fəaliyyətinin tərkib hissəsi olmaqla, borcalana təqdim edilən müstəqil bir xidmət növü deyil. İddiaçı tərəfindən 500 manat məbləğində kredit üçün illik 108% (faktiki illik faiz dərəcəsi 179.30%) faiz dərəcəsi müəyyən edilmişdir. Artıq yüksək faiz dərəcəsi ilə kompensasiya olunan kredit riski və inzibati xərclərin, əlavə olaraq “xidmət haqqı” adı altında borcalanın üzərinə qoyulması öhdəliklər balansının pozulmasına və borcalanın vəziyyətinin əsassız ağırlaşmasına səbəb olur. Bundan əlavə, iddiaçı tərəfindən tələb olunan 138 manat komissiya məbləği əsas kredit məbləğinin (500 manat) təxminən 27.6%-ni təşkil edir ki, bu da cəmi 30 günlük müddət üçün qeyri-mütənasib dərəcədə yüksəkdir. Müqavilədə xidmət haqqının hansı konkret, əlavə dəyər yaradan xidmətə görə hesablandığına dair aydın və şəffaf mexanizm əks olunmamışdır. Kreditin verilməsi üçün zəruri olan texniki və inzibati prosedurların (skorinq, monitorinq və s.) haqqının müstəqil ödəniş kimi tələb edilməsi mülki dövriyyənin dürüstlük prinsiplərinə ziddir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən tələb olunan 138 manat məbləğində komissiya haqqını əsassız hesab edir və iddianın bu hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2-ci maddəyə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Həmin Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh 500 manat əsas, 68 manat faiz borcu və 35 manat cərimə olmaqla, cəmi 603 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul İddiaçı BOKT MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat əsas, 68 manat faiz borcu və 35 manat cərimə olmaqla, cəmi 603 (altı yüz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-1169/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1169/2025
23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver