Məhkəmə qərarları › İş №e-2(071)-119/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-119/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-119/2023 13.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Nəzərov Əlitalıb Həmzə oğlu arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1277,11 manat əsas borc, 25,47 manat faiz borcu və 932,10 manat cərimə olmaqla, cəmi 2234,68 manat pul vəsaitinin və 42,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəzərov Əlitalıb Həmzəli oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1277.11 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dələlərlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O. götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 1277.11 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Nəzərov Əlitalıb Həmzə oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 733 gün üçün hesablanmış faiz borcu 25.47 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaylarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 733 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 932.1 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışla Nəzərov Əlitalıb Həmzəli oğlunun öldüyü Banka məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş 13 iyun 2022-ci il tarixli arayışa əsasən Nəzərov Əlitalıb Həmzəli oğlunun adına Hacıqabul rayonu, Abdulabad kəndində 0.03 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Bununla bağlı, Hacıqabul rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 195 saylı sorğu verilmiş, sonuncunun xx.xx.2022ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, mərhum Nəzərov Əlitalıb Həmzəli oğlunun adına olan Hacıqabul rayonu, Abdulabad kəndində 0.03 ha həyətyanı torpaq sahəsi oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 liruz qızının istifadəsindədir. Belə ki, faktiki vərəsələr - mərhumun arvadı Cavabdeh1, mərhumun oğlu Nəzərov X1 rayonu. Abdulabad kəndində 0.03 ha həyətyanı torpaq sahəsini istifadə edirlər. Miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən adları qeyd olunmuş şəxslər mərhum Nəzərov Əlitalıb Həmzəli oğlunun faktiki vərəsəsi hesab edilirlər. Göründüyü kimi, Nəzərov Əlitalıb Həmzəli oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddiaçı QSC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə onların iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC (Bank) ilə Nəzərov Əlitalıb Həmzəli oğlu (borcalan) arasında xx.xx.2019-cu il tarixdə bağladığı 055A********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 60 ay müddətinə aylıq 0,0833 faiz dərəcəsi ilə 1277,11 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kreditdən istifadə etməyi və müqavilə üzrə aldığı kredit məbləğini Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaylarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəyir. İş materiallarında olan maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Nəzərov Əlitalıb Həmzəli oğlunun banka xx.xx.2022-ci il tarixə 1277,11 manat əsas kredit borcu, 25,47 manat məbləğində faiz borcu, 932,10 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2234,68 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Nəzərov Əlitalıb Həmzəli oğlu xx.xx.2021-ci il tarixdə ölmüş və onun ölümü xx.xx.2021-ci il tarixdə vətəndaşlıq vəziyyətləri aktında qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Nəzərov Əlitalıb Həmzəli oğlunun adına Hacıqabul rayonu, Abdulabad kəndində 0.03 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan Hacıqabul rayonu, Abdulabad bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Hacıqabul rayon Abdulabad kəndində yaşamış Nəzərov Əlitalıb Həmzalı oğlunun adına (xx.xx.2002-ci ildə JN 506 A KOD 910020) 0,30 hektar olmaqla mülkiyyət şəhaətnaməsi verilmişdir. X2 Həmzalı oğlu vəfat etmiş və həmin mülkiyyət üzərində onun ailə üzvləri - arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 yaşayır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mərhum Nəzərov Əlitalıb Həmzəli oğlunun adına olan Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən 0.03 ha həyətyanı torpaq sahəsi oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 istifadəsindədir. Hacıqabul rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1953-cü ildə Sabirabad rayonunun Abdulyan kəndində anadan olmuş və Hacıqabul rayonu Abdulabad kəndində qeydiyyatda olan Nəzərov Əlitalıb Həmzalı oğlunun adına vərəsəlik işinin açılması, onun vərəsələri tərəfindən mirasın qəbul edilməsi və miras qəbulundan imtina edilməsi aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı “AccessBank» QSC ilə mərhum Nəzərov Əlitalıb Həmzəli oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Lakin, Nəzərov Əlitalıb Həmzalı oğlu müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında ümumilikdə 2234,68 manat məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. Əlitalıb Nəzərov xx.xx.2021-ci il tarixdə ölmüşdür. Mərhumun mülkiyyətində Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində 0,03 ha torpaq sahəsi olmuşdur. Əlitalıb Nəzərov öldükdən sonra onun arvadı və oğlu, hazırki mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhumdan miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, həmin əmlaka sahiblik etməklə həmin əmlakdan istifadə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda həmçinin qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarındakı mövqeləri rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Nəzərov Əlitalıb Həmzəli oğlunın ölümündən sonra ondan miras qalmış əmlakı qanun üzrə birinci növbə vərəsələri – arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 faktiki olaraq qəbul etdiklərindən, cavabdehlər mərhumun iddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərinə görə cavabdehlik daşıyırlar. Odur ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 932,10 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə borcalan şəxsin vərəsələri olmaqla, miras açıldıqdan sonrakı kredit müqaviləsi üzrə hüquq və vəzifələr onlara keçdiyindən, lakin miras açıldıqdan sonrakı müddət ərzində də cavabdehlərin krediti vaxtında ödəməmələri iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı bağlanmış kredit müqaviləsinin ləğv edilməsi tələbini cavabdehlərə qarşı irəli sürməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Nəzərov Əlitalıb Həmzəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 055A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 həmin kredit müqaviləsi üzrə yaranmış 1277,11 manat əsas borc, 25,47 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 1322,58 manat (min üç yüz iyirmi iki manat, əlli səkkiz qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,35 manat (qırx iki manat, otuz beş qəpik) pul müştərək qaydada alınaraq “AccessBank» QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar