Məhkəmə qərarları › İş №e-2(071)-150/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-150/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-150/2024 17.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı QSC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2253,17 manat əsas borc və 2,57 manat faiz borcu olmaqla, cəmi 2255,74 manat borcun və ödənilmiş 42,55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 31 saylı “fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3112,24 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür, Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 31 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda о, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da cavabdeh Mustafayeva X1 müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdehin "xxxx" QSC-nə olan əsas borcu 2253,17 manat əsas borc və 2,57 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Hacıqabul rayon Məhkəməsinin 2(071)-1369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardına əsasən mülki iş üzrə icraata Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölməsi ilə əlaqədar ona aid hissədə, yəni borcun Cavabdeh2 tutulması hissəsində xitam verilmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi Cavabdeh1 borcun tutulması hissəsində əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı BOKT QSC-nin Salyan filialı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli 31 saylı Restrukturizasiya Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 vaxtı keçmiş 3112,24 manat məbləğində borcu illik 1 faiz hesablanmaqla 5 (beş) il müddətində bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq İddiaçı QSC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə kredit ödənişləri tərəflər arasında razılaşdırılmış ödəniş cədvəlinə əsasən borclu tərəfindən icra olunmadıqda, kreditor borcluya qabaqcadan xəbərdar etməklə bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun ödənilməsini borcludan tələb etmək hüququna malikdir. İş materiallarında olan borc haqqında məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 31 saylı Restrukturizasiya Müqaviləsi üzrə İddiaçı BOKT QSC-yə 2253,17 manat əsas borc və 2,57 manat faiz borcu olmaqla, cəmi 2255,74 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında Restrukturizasiya kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 5 il müddətinə illik bir faiz dərəcəsi ilə 3112,24 manat kredit vermişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faizin ödənilməsini ondan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, müqavilə üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 xx.xx.2020-ci il tarixli 31 saylı restrukturizasiya Müqaviləsi üzrə yaranmış 2253,17 manat əsas borc və 2,57 manat faiz borcu olmaqla, cəmi 2255,74 manat (iki min iki yüz əlli beş manat yetmiş dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,55 manat (qırx iki manat əlli beş qəpik) pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar