Məhkəmə qərarları › İş №e-2(071)-166/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-166/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-166/2024 06.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas məbləğ üzrə 4217,87 manat, faiz borcu üzrə 255,75 manat, 75,44 cərimə olmaqla, cəmi 4549,06 manat borcun və 65,50 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2022-cu il tarixli № 21220***-*******02L saylı kredit müqaviləsinə əsasən cavabdeh bankdan illik 15,5 % ödəmək şərti ilə aldığı 6000 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixinə 4217,87 manat, faiz borcu üzrə 255,75 manat, 75,44 cərimə olmaqla, cəmi 4549,06 manat borcu qalmaqdadır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2022-cu il tarixli № 21220***-*******02L saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana bir il güzəşt müddəti olmaqla 24 ay müddətinə və illik 15,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə aldığı 6000 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməyi, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Müqavilənin 3.1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu Banka ödəmədikdə bank bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzinin qaytarılmasını tələb edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-cu il tarixli № 21220***-*******02L saylı kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 4217,87 manat, faiz borcu üzrə 255,75 manat, 75,44 cərimə olmaqla, cəmi 4549,06 manat təşkil edir. İş materiallarında olan elektron portaldan əldə olunan məlumatdan görünür ki, iddiaçı tərəfindən SMS vasitəsi ilə cavabdehə 24 ay müddətinə illik 15.5% dərəcəsi, 60 manat komissiya ilə 6000 manat kredit təklif etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq güzəştli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 24 ay müddətinə illik 15,5 faiz dərəcəsi ilə 6000 manat kredit vermişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, kredit müqaviləsi üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-cu il tarixli № 21220***-*******02L saylı kredit müqaviləsi üzrə yaranmış 4217,87 manat, faiz borcu üzrə 255,75 manat, 75,44 cərimə olmaqla, cəmi 4549,06 manat (dörd min beş yüz qırx doqquz manat altı qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,50 manat (altımış beş manat əlli qəpik) pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar