Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-17/2025 08.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 498,75 manat olmaqla, ümumilikdə 209.254 (iki yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində pul alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh Açıq Səhmdar Cəmiyyətilə bağladığı borc müqaviləsi əsasında sonuncuya borc pul vermiş, lakin cavabdeh indiyədək həm əsas məbləği tam qaytarmamış, həm də borc üçün hesablanmış faizləri ödəməmişdir. Bu səbəblərdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdehlə 28 iyul 2022-ci il tarixdə xx/xx-2022/03 №li Borc Müqaviləsi imzalamışdır. Müqaviləyə görə 362.053,08 (üç yüz altmış iki min əlli üç manat səkkiz qəpik) manat borc pul məbləği cavabdehə verilməli idi. Müqavilə tərəfindən qismən icra olunmuş, 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Borc pulun cavabdehin hesabına köçürülməsi bankın təqdim etdiyi sənədlə təsdiq olunur. Müqaviləyə görə borc məbləğinin verildiyi vaxt həmin məbləğin “Borc alan”ın bank hesabına köçürüldüyü və ya nağd şəklində aldığı vaxt hesab olunur. Həmin borc 1 (bir) il müddətinə qaytarmaq şərtilə verilmiş, yəni 28 iyul 2023-cü il tarixədək geri qaytarılmalı idi. Bundan başqa müqaviləyə görə borc məbləğinə illik 12.5% həddində gündəlik faiz hesablanır. Borc məbləğinin 138.000 (bir yüz otuz səkkiz min) manat məbləği 14 fevral 2023-cü il tarixli, № 140223 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilə əsasında öhdəlik ötürülüb, yəni borcun bir hissəsinin iddiaçıya digər şəxsin ödəməsi barədə razılığa gəlinərək müqavilə imzalanmışdır. Beləliklə hazırda cavabdehdən 162.000 (bir yüz altmış iki min) manat ödənilməmiş əsas borcu tələb edir. Həmçinin, cavabdehin iddiaçıya faiz borcu da var, yuxarıda da göstərdiyi kimi borc üçün gündəlik faiz hesablanır. Birinci 300.000 borc pulun cavabdehin hesabına köçürüldüyü 19 avqust 2022-dən tarixdən öhdəliyin ötürüldüyü 14 fevral 2023-ə qədər olan 177 günlük dövr, ikinci isə 14 fevral 2023cü il tarixdən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixədək olan dövr nəzərə alınmalıdır. Birinci dövr üçün faizlər 18.188,21 (on səkkiz min bir yüz səksən səkkiz manat iyirmi bir qəpik) manat təşkil edir (300.000 x 12,5%= 37.500; 37.500/365 gün =102,73; 177 gün x 102,73 manat = 18.188,21 manat). İkinci müddət isə 14 fevral 2023-cü il tarixli müqavilə imzalandıqdan sonra hazırki tələblə məhkəməyə müraciət olunduğu günədək hesablanmalıdır, bundan ötrü ki, əsas borcun 132.000 manat məbləğində hissəsinin öhdəliyi ötürüldüyündən, faizlər də qalan 162.000 manat borc üzrə hesablanmalıdır. Belə ki, borc müqaviləsi imzlandığı gündən qüvvəyə minməklə «Borc alan» tərəfindən borcun tam həcmdə «Borc verən»ə geri qaytarıldığı günədək qüvvədə qalır. Bu səbəbdən ikinci dövr yəni 515 gün üzrə faiz borcu 28,567,05 (iyirmi səkkiz min beş yüz altmış yeddi manat beş qəpik) manat təşkil edir (162.000 x 12,5%= 20.250; 22.250/365 gün =55,47; 515 gün x 55,47 manat = 28.567,05 manat). Ümumilikdə isə faiz borcları hər iki dövr üçün 46.755,26 (qırx altı min yeddi yüz əlli beş manat iyirmi altı qəpik) manatdan ibarətdir (18.188,21 + 28.567,05). Əsas borc və faizlə birlikdə cavabdehin mənə olan borcu 208,755,26 (iki yüz səkkiz min yedii yüz əlli beş manat iyirmi altı qəpik) manatdır (162.000 + 46.755,26). Borcun və hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməyinin nəticəsi olmamışdır. Bu səbəbdən də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddiaya qiyabi icraat qadasında baxılmasına heç bir etirazı yoxdur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə illik 12,5 faiz dərəcəsi ilə 362.053,08 manat borc verməli idi. Lakin iddiaçı bildirmişdir ki, müqavilə onun tərəfindən qismən icra olunmuş, 19 avqust 2022-ci il tarixdə cavabdehə bank köçürməsi ilə 40.000, 150.000, 110.000 olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində borc pul vermişdir. Həmin borc məbləği xx.xx.2023-cü il tarixinədək tam həcmə geri qaytarmağı cavabdeh üzərinə öhdəlik kimi qəbul etmişdir. Borc məbləğinin 138.000 (bir yüz otuz səkkiz min) manat məbləği 14 fevral 2023-cü il tarixli, № 140223 saylı Öhdəliklərin ötürülməsi haqqında müqavilə əsasında öhdəlik ötürülüb, yəni borcun bir hissəsinin iddiaçıya digər şəxsin ödəməsi barədə razılığa gəlinərək müqavilə imzalanmışdır. Beləliklə, hazırda cavabdehdən 162.000 (bir yüz altmış iki min) manat ödənilməmiş əsas borcu tələb edir. Lakin cavabdeh aldığı borc məbləğini və ona hesablanmış faizləri qaytarmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehə 300.000 manat pulu borc kimi verdiyinə dair sübutunu – tərəflər arasında bağlanmış borc müqaviləsini məhkəməyə təqdim etmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, müqavilə predmeti olan pulu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni borc kimi aldığı pulu iddiaçıya vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu məbləğində pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 498,75 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli, xx.xx-2023/03 nömrəli borc müqaviləsi üzrə yaranmış 162.000 manat əsas borc, 46.755,26 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 498,75 manat olmaqla, ümumilikdə 209.254 (iki yüz doqquz min iki yüz əlli dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-17/2025
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(071)-17/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver