Məhkəmə qərarları › İş №e-2(071)-237/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-237/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-237/2023 13.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əliyar oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 7570,30 manat əsas borc, 1131,95 manat faiz borcu, cəmi 8702,25 manat pul vəsaitinin və 107,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 06 may 2022-ci il tarixli RGTK5262319A163 saylı kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 7570,30 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə bank ilə Cavabdeh2 arasında 06 may 2022-ci il tarixli Z- RGTK5262319A163 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişlər. Cavabdeh X2 18 yanvar 2023-cü il tarixə banka 7570,30 manat əsas, 1131,95 manat faiz olmaqla cəmi 8702,25 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, kredit götürən zaman pensiya alsa da sonradan pensiyası kəsildiyindən kredit borcunu ödəyə bilməmişdir. Pensiyası düzəldikdən sonra banka olan borcunu hissə-hissə ödəmək niyyətindədir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etdi və izahatında göstərdi ki, X3 onun atasıdır. İş yeri olmadığından atasını banka olan borcunu ödəyə bilmir. Məhkəmə, cavabdehlərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında 06 may 2022-ci il tarixli RGTK5262319A163 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7570,30 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.4-cü bəndinə əsasən müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda, Bank bu müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) arasında 06 may 2022-ci il tarixli Z-RGTK5262319A163 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin Kapital Bank» ASC (Bank) ilə X3 (borcalan) arasında 06 may 2022-ci il tarixli RGTK5262319A163 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 yanvar 2023-cü il tarixə 06 may 2022-ci il tarixli RGTK5262319A163 saylı kredit müqaviləsinə əsasən banka 7570,30 manat əsas borcu və 1131,95 manat faiz borcu olmaqla, cəmi 8702,25 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilədə nəzərdə tutulan kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul X1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, borclunun kreditor qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Borclu Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 zamin kimi onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, 06 may 2022-ci il tarixli RGTK5262319A163 saylı kredit müqaviləsi üzrə yaranmış 7570,30 manat əsas borc və 1131,95 manat faiz borcu olmaqla, cəmi 8702,25 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 107,02 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 06 may 2022-ci il tarixli RGTK5262319A163 saylı kredit müqaviləsi üzrə yaranmış 7570,30 manat əsas borc və 1131,95 manat faiz borcu olmaqla, cəmi 8702,25 manat (səkkiz min yeddi yüz iki manat iyirmi beş qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 107,02 manat (yüz yeddi manat iki qəpik) pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar