Məhkəmə qərarları › İş №e-2(071)-274/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-274/2024

26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-274/2024 26.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01-AGT000018025 saylı xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 331 manat əsas borc və 33 manat cərimə olmaqla, cəmi 364 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 01-AGT000018025 nömrəli alqısatqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 381 manat olan Samsung 1320 ds 8 markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq hər ayın 06-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 33 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 331 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış 01-AGT000018025 saylı xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı 381 manat dəyərindəki əşyanı alıcıya nisyə satmağı, alıcı isə 50 manat ilkin ödəniş edilməklə, qalan məbləği 10 ay müddətində müqavilənin tərkib hissəsi olan Əlavə-1-də yer alan ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, alıcının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bu hal borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, satıcı razılaşma və ya xəbərdarlıqla, həmçinin məhkəmə qaydasında borcun dərhal qaytarılması və zərərin ödənilməsini tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsindən və nisyə alqı-satqı müqaviləsinə əlavədən görünür ki, "xxxx" MMC-nin 01-AGT000018025 saylı xx.xx.2017-ci il tarixli nisyə satış müqaviləsi üzrə Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmiş, bu barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh 364 manat (331 manat əsas borc və 33 manat cərimə) məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh borcunu 3 gün müddətinə ödəməsi barədə xəbərdarlıq edilmiş və əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdeh ilə satıcı "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilə predmeti olan əşyanı cavabdehə vermiş, lakin cavabdeh əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Nisyə alqı-satqı müqaviləsi üzrə satıcının alıcıya qarşı tələb hüququ faktorinq müqaviləsi əsasında İddiaçı MMC-yə güzəşt edilmişdir. Odur ki, nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya güzəşt edildiyindən, iddiaçı cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, iddia tələbinin cərimə borcunun tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, Mülki Məcəllənin 462 və 463-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir və dəbbə pulu haqqında razılaşma mütləq qaydada yazılı formada olmalıdır. Lakin, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsində, öhdəliyin lazımınca icra edilmədiyi və ya gecikdirildiyi halda, cavabdehin iddiaçıya hər hansı məbləğdə cərimə (penya) ödəməli olmasına dair şərt nəzərdə tutulmamış, iddiaçı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdehlə satıcı arasında dəbbə pulu ilə bağlı yazılı razılaşma olmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi “cərimə borcunun tutulması” hissəsində təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 331 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 01-AGT000018025 saylı xx.xx.2017-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 331 (üç yüz otuz bir) manat əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27,20 manat (iyirmi yeddi manat, iyirmi qəpik) pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar