Məhkəmə qərarları › İş №e-2(071)-283/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-283/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-283/2024 04.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı X2-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı X2-Bank Kredit Təşkilatı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 1912 manat, faiz borcu üzrə 431 manat və cərimə borcu üzrə 168,46 manat olmaqla, cəmi 2511,46 manat pulun və 45,12 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış **********1785 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması, genişləndirilməsi və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28 faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 139 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərələr arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********1785 nömrəli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında illik faiz dərəcəsi 28% olmaqla 18 ay müddətinə 2000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanmış və kredit məbləği borcalana təqdim edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən kreditalan kreditin ödənilməsi üzrə öhdəliyini vaxtında yerinə yetirmədikdə, gecikdirilmiş əsas məbləğin 1 %-i həcmində cərimə ödəməyi öhdəsinə götürür. Müqavilənin 6.1.1-ci bəndində göstərilir ki, kreditin və faizlərin vaxtında qaytarılmaması halında, kredit verən kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu - əsas borc üzrə 1912 manat, faiz borcu üzrə 431 manat və cərimə borcu üzrə 168,46 manat olmaqla, cəmi 2511,46 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında borcverən müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən müqavilə predmeti olan pul vəsaiti cavabdehə verilmişdir. Lakin, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Belə olan vəziyyətdə iddiaçı müqavilə şərtlərinə isnad edərək cavabdehə verdiyi kreditin ödənilməmiş qalan hissəsini vaxtından əvvəl ondan tələb etməkdə haqlıdır. Bununla belə, qeyd edilməlidir ki, iddiaçı tərəfindən kredit məbləği üçün tələb edilən faizlərin miqdarı düzgün hesablanmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh ödəniş cədvəli üzrə birinci ay üzrə əsas (88 manat) və faiz borcunu (51 manat) ödəmişdir. İddiaçı cavabdehdən bütöv kredit müqaviləsinin qüvvədə olduğu dövr üçün (xx.xx.2024-cü il tarixədək) ödənilməli olan qalıq 431 manat faiz borcunu tələb etmişdir. Hazırkı müqavilənin şərtlərinə görə borclu kreditora verilmiş kredit məbləğinin illik iyirmi səkkiz faizinin hazırki dövrədək olan müddəti üçün (ödəniş cədvəli üzrə xx.xx.2024-cü il tarixədək) əsas borc ilə birlikdə qaytarılması öhdəliyini daşıyır. Müqavilə üzrə faiz öhdəliyi vaxtaşırı icra edilməli öhdəlikdir. Hər ay üçün faizin ödənilməsi öhdəliyi qrafikdə müəyyən edilmiş tarixdə yaranır. Ödəniş qrafikinə əsasən borclunun iddia ərizəsinin verildiyi tarixə vaxtı çatmış və icra edilməmiş 239 manat faiz borcunun olduğu müəyyən olunur. Buna görə də faiz borcunun 239 manatdan artıq olan hissədə tutulması əsassızdır. Cavabdehdən 1912 manat əsas borc və 239 manat faiz borcu tutularaq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı müqaviləyə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 168,46 manat cərimə (dəbbə pulu) tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcuna nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 50 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə yaranmış 1912 manat əsas borc, 239 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 2201 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia əsas borcuna münasibətdə tam, faiz borcuna və məhkəmənin təşəbbüsü ilə cərimə azaldılmaqla cərimə məbləğinə münasibətdə qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41,67 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli **********1785 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1912 manat əsas borc, 239 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 2201 manat manat (iki min iki yüz bir manat) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 41,67 manat (qırx bir manat, altmış yeddi qəpik) pul alınaraq İddiaçı X2-Bank Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar