Məhkəmə qərarları › İş №e-2(071)-327/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-327/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-327/2025 18.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh 3550 (üç min beş yüz əlli) manat pulun, 500 (beş yüz) manat hüquqi yardım və 56 (əlli altı) manat isə ödənilmiş dövlət rüsumu olaraq alınıb, iş üzrə İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı bildirdiyinə görə iş üzrə Cavabdeh uzun müddətdir ki, tanıyır və onların bu tanışlıqlarından onların bir-birilərinə etibarları yaranmışdır. Bu etibardan istifadə edən cavabdeh iddiaçıdan 6655 (altı min altı yüz əlli beş) manat dəyərində qızıl-zinət əşyalarını nisyə almışdır. Həmin puldan bu günə kimi hissə-hissə ödəniş etsə də, bu günə kimi ona 3550 (üç min beş yüz əlli) manat borcu qalmışdır. Buna görə iş üzrə iddiaçı aidiyyatı üzrə ilkin olaraq Hacıqabul rayon Polis Şöbəsinə şikayət ərizəsi əsasında müvafiq araşdırma aparılmış, xx.xx.2025-ci il tarixdə, HK/1-84 nömrəli qərarla cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş, həmin qərarın qəbul edilməsinə əsas sonuncu Cavabdeh 5.000 manat dəyərində nisyə qızıl-zinət əşyaları aldığını, həmin borcdan 3.100 manat ödədiyini və 1.900 manat borcu qaldığını qeyd etmişdir. Halbuki, iş üzrə borclu 3.100 manat ödəniş etdiyini rəsmi qaydada təsdiq edən, hər hansı bir sübutu təqdim edə bilməmişdir. Odur ki, iş üzrə iddiaçı məcburiyyət qarşısında qalıb, Cavabdeh 3.550 (üç min beş yüz əlli) manat pulun, 500 (beş yüz) manat hüquqi yardım və 56 (əlli altı) manat isə ödənilmiş dövlət rüsumu olaraq alınıb, iş üzrə İddiaçı verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə cavabdeh iddiaçıya olan borcunu uzun müddətdir ki qaytarmır. Bununla bağlı Hacıqabul Rayon Polis Şöbəsinə iddiaçı tərəfindən müraciət edilmiş, xx.xx.2025-ci il tarixdə şöbənin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda, həmçinin cinayət işi üzrə materialdan görünür ki, Cavabdeh hazırda mülki iş üzrə İddiaçı qızıl-zinət əşyaları aldığını etiraf etmiş, daha sonra borclu olduğu pul məbləğindən müəyyən ödənişlər etdiyini bildirmiş, hazırki borcunun isə 1900 manat məbləğində olduğunu ifadəsində etiraf etmişdir. Buna baxmayaraq cavabdehin hazırki borcu 3550 manat təşkil edir. Belə ki, Cavabdeh 1900 manat məbləğində borclu olduğunu bildirsə də, həmin halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Odur ki, qeyd olunan hallara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, hazırki mülki iş üzrə İddiaçı 6655 manat dəyərində qızıl-zinət əşyalarını nisyə şəkildə almış, hər ay müəyyən məbləğdə ödəniş etməklə sonuncu ilə arasında razılıq əldə olunmuşdur. Hazırda həyat yoldaşı həbsdə olduğundan maddi cəhətdən çətinlik çəkməkdədir. İddiaçıya borclu olduğu pul məbləğini ödəməyə razıdır. Belə ki, o, hər ay 150 manat olmaqla iddiaçıya borcunu ödəyəcəkdir. Lakin, nisyə aldığı qızıl-zinət əşyaları üçün qalan borcunun məbləği 2000 manat civarındadır. İddia ərizəsində qeyd olunmuş məbləğlə razı deyildir. O, İddiaçı nağd şəkildə ödəniş etmiş, həmin ödənişləri təsdiq edəcək sübutları yoxdur. Məhkəmə iclasının sonrakı gedişatı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, İddiaçı 6655 manat dəyərində qızıl-zinət əşyalarını nisyə şəkildə almışdır. Bundan sonra o, müxtəlif məbləğlərdə iddiaçıya ödəniş etmiş, hazırda təxminən 2800 manat məbləğində borcunun qaldığını bildirmişdir. Lakin, iddiaçıya ödədiyi pul məbləğini təsdiq edə biləcək sübutları olmadığından onları məhkəməyə təqdim edə bilmir. Çünki, o, həmin ödənişləri müxtəlif vasitələrlə etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “cinayət işinə başlanılmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, İddiaçı Hacıqabul RPŞ-yə müraciəti əsasında material üzrə cinayət işinə başlanılması rədd edilmişdir. Mülki iş üzrə Cavabdeh Hacıqabul RPŞ-yə verdiyi izahatda Sevda ilə birlikdə aralarında qızıl alveri olduğunu, axrıncı dəfə 04 iyun 2024-cü il tarixdə ondan 5000 manat dəyərində 1 ədəd qızıl saat, 1 ədəd qolbaq və 1 ədəd seplə-qolbaq aldığını, buna görə aralarında olan razılıq əsasında Sevdaya hər ay 600 manat ödəməsi barədə yazılı ərizə verdiyini, həmin puldan Sevdaya hər ay 600 manat pul verməsini, ümumilikdə Sevdaya 3100 manat pul verdiyini və 1900 manat pul borclu qaldığını, hazırda ailə vəziyyəti ilə əlaqədar olaraq Sevdaya pulu ödəyə bilmədiyini, pulu olanda Sevdaya olan borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan qəbzlərin surətlərindən müəyyən edilir ki, İddiaçı hüquqi yardımla əlaqədar vəkil Nümayəndə 2 dəfə 250 manat olmaqla, cəmi 500 manat məbləğində ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satğı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satğı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satğı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclası zamanı, cavabdeh iddiaçıdan 6655 manat dəyərində qızıl-zinət əşyalarını nisyə şəkildə aldığını etiraf etmiş, daha sonra hər ay müəyyən məbləğlərdə ödəniş etdiyini bildirmiş, hazırki borc məbləğinin 2800 manat civarında olduğunu qeyd etmiş, lakin həmin borc məbləğinin qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin verdiyi izahatdan isə aydın olur ki, cavabdeh iş üzrə İddiaçı müəyyən ödənişlər etsə də, onun hazırki borcu 3550 manat məbləğindədir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materialları araşdırılarkən, Cavabdeh borcun qaytarılması ilə bağlı hər hansı hüquqi cəhətdən etibarlı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, iddianı və ya etirazı təsdiq etmək yükü həmin iddianı irəli sürən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən borcun qaytarıldığına dair hər hansı yazılı və ya digər hüquqi qüvvəyə malik sübutların olmaması səbəbilə, onun bu barədə irəli sürdüyü arqumentlər əsaslı hesab edilmir və məhkəmə tərəfindən qəbul olunmur. Bu baxımdan, işin hallarına və mövcud hüquqi tənzimləmələrə əsasən, iddiaçının iddiasının təmin edilməsinin hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh izahatları, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı aldığı əmlakın qarşılığında borclu olduğu pul məbləğini qaytarmağı lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 3550 manat məbəğində pul tutularaq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə hüquqi xidmətə görə çəkilən xərclərin əvəzi olaraq pul tələbi ilə bağlı təqdim edilmiş qəbzlərdən müəyyən edilir ki, Nümayəndə hesabına İddiaçı tərəfindən cəmi 500 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, eyni zamanda digər əhəmiyyətli halları nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə eyni zamnada hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət üçün ödənilmiş 56 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 3550 manat, ödənilmiş 56 manat dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 3906 (üç min doqquz yüz altı) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar