Məhkəmə qərarları › İş №e-2(071)-329/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-329/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-329/2023 17.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021ci il tarixli, 2114***-*******01 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 21291***- *******01R nömrəli Restrukturizasiya razılaşmanın ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 8946,28 manat əsas kredit borcu və 131,39 manat faiz borcu və 15,58 manat cərimə olmaqla, cəmi 9093,25 manat və 110,94 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, 2114***-*******01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 16 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11000 manat nağd şəkildə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, 2114***-*******01 saylı kredit müqaviləsinə xx.xx.2021-ci il tarixli 21291***-*******01R nömrəli Restrukturizasiya razılaşmasına əsasən bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə Cavabdeh1 həmin kredit üzrə 9831,95 manat əsas borcu müəyyən edilmişdir. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilən kredit üzrə faiz dərəcəsi 16 faiz və kreditin son icra müddəti xx.xx.2024-cü il müəyyən edilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 021FİZAM110353402 saylı xx.xx.2021-ci il tarixli və 021FİZAM110353402 saylı xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Restrukturizasiya razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin, öhdəliklərini icra etməyən cavabdehin iddiaçıya 8946,28 manat əsas kredit borcu və 131,39 manat faiz borcu və 15,58 manat cərimə olmaqla, cəmi 9093,25 manat qalmaqdadır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında bildirdi ki, o, banka olan borcunu ödəməkdən imtina etmir. Lakin, mövcud vəziyyətdə borcunu ödəməyə maddi imkanı yoxdur. Himayəsində üç övladı var və heç biri işləmir. Ailəsində yeganə qazanc gətirən şəxs özüdür və qazancı ailəsinin maddi təminatını ödəməyə çatmır. Ona möhlət verilsə, gələcəkdə mütləq banka olan borcunu ödəyəcəkdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, iddianı qəbul edir. O, atasının kredit borcuna görə bankla zaminlik müqaviləsi bağlamışdır. Müqavilə bağlanan zaman işləyirdi, lakin sonradan işdən çıxmışdır. Hazırda işsizdir və borcu ödəməyə maddi imkanı yoxdur. Müəyyən qədər vaxt verilsə, borclarını hissə-hissə ödəyə bilərlər. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borclu) arasında xx.xx.2021-ci il tarixli, 2114***-*******01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana illik 16 % olmaq şərti ilə 36 ay müddətinə 11000 manat kredit vermişdir. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.01-ci bəndinə əsasən davam edən 3 bank günü ərzində “borcalan” ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib edilmiş ödəniş cədvəlləri üzrə ödəmək iqtidarında olmadıqda, “kreditverən” bu müqaviləyə bir tərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2021-ci il tarixli, 021FİZAM110353402 saylı zaminlik müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən zamin İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borclu) arasında bağlanan xx.xx.2021-ci il tarixli, 2114***-*******01 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2021-ci il tarixli, 21291***-*******01R nömrəli Restrukturizasiya razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən borcalanın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9831,95 manat əsas borcu mövcuddur. Razılaşmaya əsasən kredit üzrə faiz dərəcəsi 16%, kreditin son icra müddəti isə xx.xx.2024-cü il müəyyən edilmişdir. Razılaşmanın 6-cı bəndinə əsasən borcalan bu razılaşmanın 5-ci bəndinə uyğun olaraq müəyyən edilmiş güzəşt müddəti ərzində ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsinə görə hər gecikdirilən gün üçün 0,3 manat məbləğdə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2021-ci il tarixli, 021FİZAM110353402 saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borclu) arasında restrukturizasiya razılaşması nəzərə alınmaqla bağlanmış kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan kredit müqaviləsi üzrə cavabdehin 8946,28 manat əsas kredit borcu, 131,39 manat faiz borcu və 15,58 manat cərimə olmaqla, cəmi 9093,25 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə 11000 manat məbləğində kredit vermişdir. Sonradan tərəflər arasında restrukturizasiya razılaşması imzalanmış və kredit müqaviləsi üzrə qalıq borcun 9831,95 manat olması müəyyən edilmiş, kredit müqaviləsinin müddəti xx.xx.2024cü il tarixədək müəyyən edilmişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri və cəriməni tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi və həmin müqavilə üzrə sonradan bağlanmış restrukturizası razılaşması üzrə borclunun öhdəliyinə görə zamin olduğundan, kredit müqaviləsi üzrə borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o, Cavabdeh1la birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən və beləliklə cavabdehin krediti vaxtında ödəməməsi iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2114***- *******01 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 21291***-*******01R nömrəli Restrukturizasiya razılaşması ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 8946,28 manat əsas borc, 131,39 manat faiz borcu və 15,58 manat cərimə olmaqla, cəmi 9093,25 manat (doqquz min doxsan üç manat, iyirmi beş qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 110,94 manat (yüz on manat, doxsan dörd qəpik) pul müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar