Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-379/2023 06.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ADY-yə vurulmuş 5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində zərərin və 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 19:58 radələrində 701 saylı Gəncə - Bakı marşrutu ilə hərəkət edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarı Padar- Qarasu mənzilinin 156-cı km piket 2-də hərəkətdə olarkən iribuynuzlu heyvanların (3 baş inək) dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə inəyin birini vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin X6 Polis İdarəsi Yevlax Xətt polis şöbəsinin Hacıqabul Xətt polis bölməsində araşdırma aparılmışdır. Hacıqabul Xətt polis bölməsindən ADY-yə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-1315-1- 51/292/2023 nömrəli məktubdan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2022-ci il tarixində Gəncə-Bakı marşrutu ilə hərəkətdə olan ADY-yə məxsus STADLER EŞ2-015 sürətli elektrik qatarının Padar-Qarasu mənzilinin 156-cı km piket 2-də hadisəyə səbəb olan, iribuynuzlu heyvanların sahibi Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Məlumat üçün bildirirlər ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal olunmuş, ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarı olmaqla, 2015-ci ildə Azərbaycan Respublikasına gətirilərək istismara verilmişdir. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh tərəfindən ADY-yə vurulmuş5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində zərər və 77 (yetmiş yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5769,94 (beş min yeddi yüz altmış doqquz manat doxsan dörd qəpik) manat Cavabdeh tərəfindən ADY-yə ödənilməlidir. Qeyd olunanlara əsasən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddianı ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o heyvanları hadisə baş verən günü səhər saat 8-in yarısında çoban Zaur Babayevə təhvil vermişdir. İşdən gələndən sonra saat 19:00-da Zaurun evinə gedib heyvanının harada olduğunu soruşmuşdur. O isə heyvanların hamısını kəndə qədər apardığını demişdir. Sürüdən sadəcə onun heyvanı tələf olmuşdur. O heyvanını çobana etibar etmişdir. Hadisənin əsas səbəbkarı Zaur Babayevdir. Ona görə də həm qatara vurulmuş maddi zərərə, həm də heyvanın tələf olmasına görə o məsuliyyət daşımalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında üçüncü şəxs qismində cəlb olunan X5 izahatında bildirmişdir ki, o, kənd sakinlərinin iri buynuzlu heyvanlarını otarmaqla çobanlıq edir və heyvan sahiblərindən buna görə günlük haqq alır. xx.xx.2022-ci il tarixdə 16:30 radələrində kənd sakinlərinə məxsus iribuynuzlu heyvanların hamısını kəndə qədər gətirmişdir. Heyvanların bəziləri gedəcəkləri evləri tanıdıqlarına görə özləri evə gedirlər. Bəzi heyvanların isə sahibləri hər gün kəndin girişində qabağına çıxır və heyvanını evinə aparır. Cavabdeh məxsus heyvan özü evə getmədiyinə görə bu barədə ona dəfələrlə bildirmiş və hər gün gəlib heyvanını qarşılamasını demişdir. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində bütün heyvanları dəmir yolunu keçirib kəndin girişinə qədər gətirib sonra evinə getmişdir. Təxminən bir saat sonra Cavabdeh onun yaşadığı evə gələrək heyvanının gəlmədiyini bildirmiş, o isə Cavabdeh bütün heyvanları kəndə gətirdiyini demişdir. Bundan təxminən bir neçə saat sonra məlum olmuşdur ki, həmin gün axşam saat 8 radələrində Cavabdeh məxsus heyvanı qatar vurmuşdur. Baş vermiş hadisə görə o məsuliyyət daşımır. Çünki, bir qayda olaraq kənd sakinləri ilə razılaşmışlar ki, heyvanları otaqdıqdan sonra kəndin girişinə qədər onları gətirəcəkdir. Hər bir heyvanı ayrılıqda yaşadığı evə aparmalı deyil. Həmin ərazilər yaşıllıq olduğuna görə ola bilsin heyvan otlaya otlaya dəmir yolunun kənarına gəlmiş və qatar onu vurmuşdur. Odur ki, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında 28 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə özünə məxsus bir baş iri buynuzlu inəyi Padar-Qarasu mənzilində qatarın qaranlıq olduğu vaxtı dəmir yolu xəttinə buraxmışdır. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan foto şəkillərdən və “Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi E.Muradovun xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, EŞ2-015 nömrəli qatarın ön buferi dəyişdirilmişdir. Qatarın ön buferinin dəyişdirilməsi üçün 20,47 manat əmək haqqı, 3,55 manat dolayı əmək haqqı, 5668,66 manat mal və materiallar, 0,26 manat amortizasiya olmaqla, ümumilikdə 5692,94 manat xərc çəkilmişdir. İş materiallarında olan Cavabdeh Hacıqabul st.XPB-də verdiyi izahatdan görünür ki, onun şəxsi təsərrüfatında 4 baş iri buynuzlu heyvanı vardır. Həmin heyvanları hər gün otarılması üçün naxıra göndərir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında ona məxsus bir baş inək kəndin kənarında dəmir yol xəttinin keçərkən qatar vurmuşdur. Bildirir ki, həmin hadisə onların səhlənkarlığından baş vermişdir. Səhvini başa düşür və bir daha belə hallara yol verməyəcək. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə saat 19:58 radələrində 701 saylı Gəncə - Bakı marşrutu ilə hərəkət edən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) məxsus STADLER EŞ2-015 nömrəli sürətli sərnişin qatarı Padar- Qarasu mənzilinin 156-cı km piket 2-də hərəkətdə olarkən iribuynuzlu heyvanın dəmir yolunun üzərindən keçməsini görərək maşinist təcili tormozlama etsə də qatarı tam olaraq dayandıra bilməmiş, nəticədə bir baş iri buynuzlu heyvanı vurmuş və qatarın ön hissəsinə ciddi ziyan dəymişdir. Hadisə nəticəsində ADY-yə 5692,94 (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) manat məbləğində maddi ziyan dəymişdir. İribuynuzlu heyvanın sahibinin Cavabdeh olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əhmədov X1 xətt polis bölməsinə dəvət olunaraq izahatı alınmış və izahatında hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini etiraf etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər əmlakından məhrum olması və ya əmlakının zədələnməsi habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikti) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – dediktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hazirki mülki işin faktiki hallarından görünür ki, cavabdehə məxsus olan və hadisə baş verən anda nəzarət altında olmayan bir baş iri buynuzlu heyvan sutkanın qaranlıq vaxtında dəmir yolu üzərindən keçərkən iddiaçıya məxsus sürət qatar onu vurmuşdur. Bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Hətta, baş vermiş bu hadisə görə cavabdeh İXM-in 338.5.5-ci maddəsi ilə inzibati məsuliyyətə də cəlb edilmişdir. Mülki Məcəllənin 1110-cu maddəsinin mənasına görə heyvanın nəzarət altında olmasından, itməsindən və ya qaçmasından asılı olmayaraq, heyvan sahibi hər bir halda başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğuna görə təmin edilməli, vurulmuş maddi zərərin əvəzi kimi 5692,94 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5692,94 manat (beş min altı yüz doxsan iki manat doxsan dörd qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77 (yetmiş yeddi) manat pul alınaraq "xxxx" QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2(071)-379/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-379/2023
06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver