Məhkəmə qərarları › İş №e-2(071)-494/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-494/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-494/2023 25.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə yaranmış 1523 manat əsas borcun, 257,32 manat faiz borcunun və 139,16 manat cərimə olmaqla, cəmi 1919,48 manat borcun və 39,20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini təsdiq edən sənədlər - İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********5320 nömrəli kredit müqaviləsi və cavabdehin həmin müqavilədən irəli gələn öhdəliyinin icrasının təminatı kimi MMM ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********5***-******* nömrəli zaminlik müqaviləsidir. İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********5320 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (vəya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə 2000 manat məbləğində pul vəsaitini kredit verməyi, kredit alan isə verilmiş krediti, üzərinə hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində uçota alınmışdır. (VÖEN: **********) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında hansı mübahisələrin kommersiya mübahisələri hesab edilməli olduğuna bir daha aydınlıq gətirilmiş və qərarın 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində isə qeyd edilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 kommersiya hüquqi şəxsi olmaqla, fiziki və ya hüquqi şəxslərə kredit verməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olması şübhəsizdir. Cavabdeh1 isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla yanaşı, iddiaçı ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə kredit vəsaitini də şəxsi istehlak məqsədi ilə deyil, məhz biznes fəaliyyətini inkişaf etdirmək məqsədi ilə almışdır. Belə ki, iddiaçı tərəfindən cavabdehə verilmiş kreditin təyinatının məhz cavabdehin biznes məqsədlərinin, ailə-kəndli təsərrüfatının yaradılması və (vəya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması olduğu kredit müqaviləsinin 1.1-ci bəndində açıq aydın görünür. Belə olan vəziyyətdə, qanunvericiliyin tələblərini və Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyyəni nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilən kredit müqaviləsindən irəli gələn mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan, həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152.1.3, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsi geri qaytarılsın. İddiaçı Qeyri-Bank Kredit Təşkilatı X2 həmin tələblə bağlı aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar