Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-541/2023 05.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı1 ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı1 ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas məbləğ üzrə 2122,88 manat, faiz borcu üzrə 185,89 manat cərimə borcu 57,24 manat olmaqla, cəmi 2366,01 manat borcun və 43,67 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli 21231***-*******02L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh xx.xx.2031-ci il tarixədək 50000 manat məbləğində kredit limiti verilmişdir. Cavabdeh həmin əsas kredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2023-ci il tarixədək qaytarmaq və illik 17.1 % ödəmək şərti ilə aldığı 3000 manat krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 04-dək ayda 149,24 manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə əsas borc üzrə 2122,88 manat, faiz borcu üzrə 185,89 manat, cərimə borcu üzrə 57,24 manat olmaqla, cəmi 2366,01 manat borcu qalmaqdadır. İş materiallarından görünür ki, İddiaçı1 ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2021-ci il tarixli 21231***-*******02L saylı əsas kredit limiti razılaşması bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 50000 manat məbləğində 120 ay müddətinə xx.xx.2031-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, üç iş günü ərzində borcalan ona verilmiş kredit hissəsini və onun faizini ödəmək iqtidarında olmadıqda, borcalanın əmlak vəziyyətində bu əsas kredit limiti razılaşması üzrə öhdəliklərinin icrasına mənfi təsir göstərə biləcək hər hansı dəyişiklik olduqda və ya bazarın mövcud vəziyyəti borcalanın fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda kredit verən bu əsas kredit razılaşmasına bir tərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb edə bilər. İş materiallarından həmçinin görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 21231***-*******02L saylı əsas kredit limiti razılaşması çərçivəsində İddiaçı1 ASC Cavabdeh xx.xx.2023-ci il tarixədək qaytarmaq və illik 17.1 % ödəmək şərti ilə 3000 manat kredit vermiş, borcalan isə hər ayın 4-dək ayda 149,24 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 21231***-*******02L saylı kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 2122,88 manat, faiz borcu üzrə 185,89 manat, cərimə üzrə 57,24 manat olmaqla, cəmi 2366,01 manat təşkil edir. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə onlara qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı cavabdehə illik 17,1 faiz dərəcəsi ilə iki il müddətinə 3000 manat kredit vermişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş qrafikini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehə verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə, iddia tələbinin cərimə borcunun tutulması hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə əsassızdır. Belə ki, Mülki Məcəllənin 462 və 463-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir və dəbbə pulu haqqında razılaşma mütləq qaydada yazılı formada olmalıdır. Lakin, nə tərəflər arasında bağlanmış krediti limiti razılaşmasında, nə də həmin razılaşma əsasında iddiaçı tərəfindən cavabdehə 3000 manat kredit verilərkən, öhdəliyin lazımınca icra edilmədiyi və ya gecikdirildiyi halda, cavabdehin iddiaçıya hər hansı məbləğdə cərimə (penya) ödəməli olmasına dair şərt nəzərdə tutulmamış, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdehlə onun arasında dəbbə pulu ilə bağlı yazılı razılaşma olmasını təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi “cərimə borcunun tutulması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Buna görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 42,61 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 21231***-*******02L saylı kredit müqaviləsi üzrə yaranmış 2122,88 manat əsas borc və 185,89 manat faiz borcu olmaqla, cəmi 2308,77 manat (iki min üç yüz səkkiz manat, yetmiş yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42,61 manat (qırx iki manat, altmış bir qəpik) pul alınaraq «Bank Respublika” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(071)-541/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-541/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver