Məhkəmə qərarları › İş №e-2(071)-549/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-549/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-549/2024 23.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-ci il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2016-ci il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, iddiaçı X1 Cavabdeh ilə xx.xx.2015-ci il tarixli, 126 nömrəli nikahı qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 adında bir uşaq doğulmuşdur. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (071)-559/2022 saylı qətnaməsinə əsasən nikahın pozulması, uşağın iddiaçının himayəsinə verilməsi və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin həmin qətnamədən narazı qaldığı üçün apelyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (106)- 1778/2022 saylı qətanməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (071)-559/2022 saylı qətnaməsi alimentin təyin edilməsi hissəsində dəyişdirilərək cavabdehdən hər ay sabit pul məbləğində 170 manat alimentin tutulması qət edilmişdir. Bu müddət ərzində cavabdeh heç vaxt alimentin artırılması ilə bağlı könüllü addım atmamışdır. Bu səbəbdən də iddiaçı uşağın saxlanılması ilə bağlı çətinliklərlə üzləşdiyindən, cavabdehə 170 manat alimentin artırılması ilə bağlı müraciət etmişdir. Lakin cavabdehdən imtina cavabı aldığından, iddiaçı ilk olaraq alimentin artırılması ilə bağlı Sabirabad 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, 00600 saylı mediasiya arayışı verildikdən sonra iddiaçı alimentin artırılması ilə bağlı Hacıqabul rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2022-ci ilin sentyabr ayından bir uşağa görə 170 manat alimenti ödəsə də, lakin bu müddət ərzində baxmayaraq ki, uşaqların maddi rifahının yüksəlməsi ilə bağlı alimentin hər il artırılmasına dair qanun qəbul edilir, amma cavabdeh işləməməsini və valideynləri ilə birgə yaşadığını əsas gətirməklə alimentin artırılmasından imtina edir. Lakin sonradan iddiaçıya cavabdehin qazancı müəyyən edildiyindən və hal-hazırda ödənilən aliment uşağın ehtiyaclarını ödəmədiyindən, xx.xx.2016-cı il təvəllüdlü X4 təhsil aldığını nəzərə alınsa və təlabatları artdığına görə təxminən 2 il keçdikdən sonra yenidən alimentin artırılması ilə bağlı zərurət yaranmışdır. Cavabdeh hər dəfə məhkəmə prosseslərində alimentin artırılmamasına səbəb kimi ata və anası ilə yaşamasını, işləməməsini və qazancının olmamasını əsas olaraq gətirib ona valideynlərinin köməklik etdiyini bəhanə etməklə alimentin artırılmasından imtina edir. Halbuki, cavabdehin valideynlərinin biri əmək haqqı, digəri isə pensiya alır və onlar özlərini saxlayır və həmçinin cavabdeh həyatyanı sahəsində təsərüffatla məşğul olmaqla, parnik üslubunda mövsümü vaxtlarda müxtəlif meyvə-tərəvəz olaraq pomidor, xiyar və müxtəlif tərəvəzlər yetişdirməklə satıb yaxşı qazanc əldə edir. Belə ki, birgə nikah dövründə o, cavabdehin parnikdə işləməklə mövsümü olaraq yüksək gəlir əldə etməsinin şahidi olmuşdur. Bütün bunları cavabdeh bilərəkdən gizlətməklə, alimentin artırılması mərhələsində işləmədiyini və valideynləri ilə birgə olduğunu əsas gətirməklə imtina edir. İddiaçı isə heç bir yerdə işləmir və uşağı xəstə olduğundan, ona qulluq edir. Uşağına verilən aylıq müavinat isə onun xəstəliyinin müalicəsinə güclə çatır, lakin onun digər təlabatlarını ödəməyə yetərli deyil. Qeyd edilmişdir ki, uşağın gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Həmin ehtiyacların artması, xüsusi ilə də xx.xx.2016-cı il təvəllüdlü X3 tələbatlarının artması mübahisə predmeti təşkil edə bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsində cəhd etməsi məbahisəsiz faktdır. Bu hal cavabdehdə onun valideynləri ilə yaşaması və işləməməsi üçün uşağın mənafeyinin əksinə yönələ bilməz və özünə müdafiə xarakterli olaraq öz mənfəəti naminə istifadə edilməməlidir. Hesab edir ki, yetkinlik yaşına çatmayan uşağ üçün aliment təyin edilərkən, istər də aliment artırılarkən aşağıdakı hallar xüsusi ilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeyini, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda qeyd edilmişdir ki, cavabdehin heç bir yerdə işləməməsini və əlavə qazancı və gəlirinin olmamasını əsas gətirməklə alimentin artırılmasınından imtina etsə də, hesab edir ki, valideynin işləməməsi və ya qazancının məbləği onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmin maddənin bu müddəadakı “özlərinin qabliyyəti çərçivəsində” ifadəsini vurğulamaqda məqsədi, yəni açıqlaması olaraq hesab edir ki, aliment ödəməli olan cavabdeh əmək qabliyyətlidir, işləmək və hər ay 235 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Cavabdehin işləməməsi və əlavə qazancı və gəlirinin olmaması iddiaçı ilə birgə nigahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X3 qarşısında öhdəliklərin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Lakin bu hal diqqətə layiq kimi alimentin miqdarının müəyyən edilməsində, həmçinin müstəsna hallarla bağlı olaraq, yəni X3 - uşaq autizmdən (Kanner sindromu, Klassik fenilkinuriya (İ tipli) spastik tetraparez ilə E 70.0) əziyyət çəkir, lakin əvvəlcədən imkan olmadığından müalicəsi tam formada aparılmamışdır, ona görə də qıcolmaları hərdən olur və həkim-psixiatr tərəfindən iynə vurulduqda halı normallaşır. Dolayısı ilə uşağın xəstəliyi ilə bağlı xərclər nəzərə alınmalı hal hesab olunmalıdır. Alimentlə bağlı olan maddədə şərh olunan əsaslardan biri kimi tərəflərin ailə vəziyyətinin dəyişməsi baş verdiyi üçün aliment məbləğinin dəyişdirilməsi üçün əsas kimi məhkəmə tərəfindən götürülə bilər. Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Digər bir əsas olan maddi vəziyyətin dəyişməsi isə tərəflərin maddi vəziyyətinin yaxşılaşması və ya pisləşməsinə aid halları nəzərdə tutur. Aliment verən şəxsin gəlirinin çoxalması və ya aliment alan şəxsin gəlirinin azalması aliment miqdarının artırılmasını tələb etmək üçün əsas kimi qəbul edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən Qanunun müddəalarını nəzərə alınsa aliment məbləğinin cari il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumdan aşağı olması qanuna müvafiq hesab edilə bilməz. Hər bir halda uşağların mənafeyinə zidd olmamalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, yenidən nikaha daxil olmuş, ikinci nikahdan 4 aylıq övladı var, həm cavabdehlə birgə nikahından doğulan uşağın, həm də yeni doğulmuş uşağın ana kimi onun qayğısına ehtiyacı olduğundan işləyib qazanc əldə etmək imkanı yoxdur. Tərəflə birgə nikahından doğulan xx.xx.2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş 320 manat müavinət almasına baxmayaraq, onun mütəmadi olaraq qulluq xərcləri xeyli vəsait tələb etdiyindən maddi cəhətdən çətin vəziyyətə düşür. Hətta cavabdeh aylıq 170 manat alimenti vaxtında ödəməsinə baxmayaraq, hazırda uşağın saxlanılması üçün kifayət etmir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş edir. O, əlavə olaraq bildirir ki, cavabdeh onun qohumu olmaqla qardaşı oğludur. Ailədaxili məlumatlara əsasən cavabdehin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olub kifayət qədər gəlir əldə etmsinə dair məlumatı vardır. Uşağın hazırkı şəraitdə müalicə və saxlanılması xərcləri kifayətə qədər böyük vəsait tələb edir. İş üzrə Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. Cavabdeh etirazının onunla əsaslandırılmışdır ki, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)- 559/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə Hacıqabul rayon Qeydiyyat Şöbəsində xx.xx.2015-ci il tarixli, 126 nömrəli nikah qeydi ilə rəsmiləşdirilmiş nikahımızın pozulması, onunla birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşağın anası Qasımova (Tağıyeva) Zülfiyyə Şahin qızının yanında qalması və yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin məndən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən cavabdeh X2 verilməsi tələb olunan 150 manat alimen məbləği artırılaraq 170 manat müəyyən olunmuşdur. Hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməməlidir. Bildirir ki, iddiaçı 2023-cü ilin iyul ayında ikinci dəfə rəsmi nikaha girməklə ailə həyatı qurmuş və nikahları Kürdəmir rayon Asan Xidmət Mərkəzində rəsmiləşdirilmiş, bu barədə onlara Nikahın bağlanması haqqında Şəhadətnamə verilmişdir. İddiaçı ilə birgə nikahdan doğulmuş azyaşlı övladı X4 hazırda iddiaçının və onun həyat yoldaşının himayəsindədir. iddiaçının həyat yoldaşı da uşağın onların himayəsində qalmasına razılıq vermişdir. Hazırda uşağın heç bir maddi sıxıntısının olmaması da məlumdur. Eyni zamanda, hal-hazırda cavabdehin özünə məxsus fərdi təsərrüfatı, tikinti və həyətyanı torpaq sahəsi yoxdur, heç bir yerdə işləmir. Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır, Səhhətində olan problem onun ağır fiziki işlə məşğul olmağısına imkan vermir, əlavə qazancı, gəliri yoxdur. Eyni zamanda, hazırda 170 manat aliment məbləğini böyük çətinliklə atası Nümayəndə2 maddi köməkliyi ilə ödəyir. Atası müəllim vəzifəsində çalışır və 350 manat məbləğində aylıq əmək haqqı alır. Atası ilə birgǝ təsərrüfatda yaşayır. O, hazırda ağır ürək xəstəliyindən əziyyət çəkir. Digər tərəfdən, hal-hazırda iddiaçı 300 manat məbləğində sosial müavinət də alır. Eyni zamanda, iddiaçı ilə birgə nikahdan doğulmuş X3 xəstəliyinin müalicəsi yoxdur. Ona görə də uşağın xəstəliyi əlavə xərclər tələb etmir. Bu barədə Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsinin surəti etiraza əlavə olunmuşdur. Əlavə olaraq bildirir ki, Şirvan Apellyasiya məhkəməsinin xx.xx.2022-ci tarixli qətnaməsinə əsasən cavabdeh X2 verilməsi tələb olunan aliment məbləği 170 manat müəyyən edildikdən hal-hazıra kimi onun maddi durumumda yaxşılaşma deyil, ağırlaşma olmuşdır. Qanunvericilik məhkəmə qətnaməsi ilə aliment təyin edildikdən sonra maddi vəziyyətdə dəyişiklik olmadığı halda aliment məbləğinin artırılmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin mənasına görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazının dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Bununla yanaşı o, əlavə olaraq bildirir ki, işsiz kimi qeydiyyatda olmaqla maddi vəziyyətində hət hansı yaxşılaşma halı mövcud deyil, bununla yanaşı uşağın xəstəliyi ilə bağlı müalicə xərcləri dövlət tərəfindən qarşılanmaqla yanaşı, uşağın saxlanması üçün anaya müavinət ödənilir. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirir ki, tələb əsassız olmaqla rədd edilməlidir, çünki cavabdehin maddi vəziyyətində yaxşılaşma yoxdur, işsiz kimi qeydiyyatdadır, hətta hazırki 170 manat aliment cavabdehin atası tərəfindən ödənilir. Bundan başqa uşaq autizm xəstəliyindən əziyyət çəkməklə, ödəbilən aliment məbləği ilə birlikdə aylıq gəliri 500 manat təşkil edir. Bundan başqa uşağın xəstəliyinin tibb elminə görə müalicəsi olmadığından xüsusi xərc tələb etmir və faktiki olaraq uşaq müalicı edilmir. Yekunda isə alimentin artırılmasının faktiki və hüquqi əsasının olmadığını vurğulayaraq rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 cavabdehlə eyni məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının İkinci X7 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən xx.xx.2024 tarixli arayışdan görünür ki, Cavabdeh işsiz olmaqla Hacıqabul rayonu Qubalı kəndində yaşayır. İş materiallarında olan Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilən xx.xx.2023 tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Cavabdeh həqiqətən “ Klassik fenilketonuriya, İ tip spastik tetraparez (E70.0)” , “Uşaq autizmi-Konner sindromu (F84.0)” diaqnozu ilə Hacıqabul RMX PHŞ-də dispanser qeydiyyatındadır, əlillik müavinəti alır. Uşağın daimi müalicəyə ehtiyacı vardır. Həmçinin iş materiallarında olan digər tibbi sənədlərə əsasən müəyyən edilir ki, uşağın daimi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(106)-1778/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı birgə nikahından olan yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə uşağın mənafeyini, alimentin təyin edildiyi vaxta – 2022-cü ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Həmçinin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı yenidən ailə qurmuşdur və həmin nikahdan yenidən uşağı doğulmuşdur. Belə olan halda onun himayəsində həm daimi qulluğa ehtiyacı olan əlil övladının olması, həm də yeni doğulmuş uşağının olması onun işləməsinə və gəlir əldə etməsinə ciddi maneçilik yaradan hal olaraq qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(106)-1778/2022 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, müalicə xərcləri artır, iddiaçı isə faktiki olaraq övladlarına qulluq etdiyindən qazanc əldə etmək imkanından mərhum olur, övladlarının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların mənafeyi əhəmiyyətli dərəcədə pozulur. Bundan başqa məhkəmə qeyd edir ki, yaşayış minimumu ölkə ərazisində ümumi iqtisadi vəziyyət nəzərə alınmaqla dövrlər üzrə qəbul edilən qanunvericilik aktlarına əsasən artırılır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(106)- 1778/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağa görə 170 manat alimentin müəyyən edilməsindən isə artıq 2 il müddət keçmişdir. Bu müddət ərzində isə uşaqların gündəlik tələbatlarının və xərclərinin artması kifayət qədər ağalabatan hal kimi qiymətləndirilir. Məhkəmə onu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 235 manat məbləğində müəyyən edilməsi uşaqların saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. İşin hallarından isə görünür ki, cavabdeh heç yerdə işləmir və onun gəlirinin mövcud olmasına dair iddiaçı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, bu kateqoriya işlərə baxılarkən istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafeləri gözlənilməlidir. Belə ki, gələcəkdə yerinə yetirilməsi real olaraq mümkün olmayan aliment miqdarının müəyyən edilməsi həm də qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyrimümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab edir. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh əlavə gəlirinin olmadığını bildirərək alimenti borcu tam ödəyir. İddiaçı isə hazırda cavabdehdən hər ay 235 manat məbləğində aliment tələb edir. Odur ki, məhkəmə cavabdehin əmək haqqı almamasını, işsiz kimi qeydiyyatda olmasını, iddiaçının aylıq əmək haqqı məbləği barədə sübut olmamasını, başqa nikahdan da uşağı olmasını, uşağın saxlanılmasını hər iki valideyinin borcu olmasını nəzərə alaraq hesab edir ki, alimentin məbləği qismən artırılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(106)-1778/2022 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1778/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Nümayəndə2 Kənan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar