Məhkəmə qərarları › İş №e-2(071)-650/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-650/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-650/2024 24.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 336,61 manat - bundan 289,40 manat əsas, 5,54 manat faiz, 8,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33,96 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 5383 nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 18 ay müddətinə illik 32 % dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında LM111900279 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 5383 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 289.40 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 336,61 manat təşkil edir. Bundan 289,40 manat əsas, 5,54 manat faiz, 8,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33,96 manat faiz borcu təşkil edir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2014-cü il tarixli 5383 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında Bank borcalana 18 ay müddətinə illik 32% faizədək ödəmək şərti ilə 1000 manatadək məbləğdə kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.7.1-ci bəndində göstərilmişdir ki, borcalan krediti və onun faizlərinin ödənilməsi dövrliyini 2 dəfə 5 təqvim günündən çox pozduqda, bank müqaviləyə birtərəfli qaydada xitam verə bilər və kreditin qalıq məbləğini kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilənin 2.10-cu bəndində göstərilmişdir ki, müştəri kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə bank borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 faizi miqdarında cərimə tətbiq edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 148,23 manat əsas borc, 18,52 manat faiz borcu və 8,96 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 175,71 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdarlıq edilmiş və əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı cavabdehə 1000 manat kredit verilmişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və cərimə məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, müqavilə üzrə yaranmış borc cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 289,40 manat əsas, 5,54 manat faiz, 8,71 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 33,96 manat olmaqla, cəmi 336,61 manat (üç yüz otuz altı manat altımış bir qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30 (otuz) manat pul alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar